Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhər 1 nömrəli məktəb-liseydə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib

15 may 2026 | 16:39

15 may 2026-cı il tarixində Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon Prokurorluğunun, Rayon Polis Şöbəsinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Zərdab şəhər 1 nömrəli məktəb-liseydə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən, xüsusilə də yeniyetmə və gənclərin sağlamlığına, təhsilinə və gələcəyinə vurduğu mənfi təsirlərdən ətraflı bəhs ediblər. Bildirilib ki, narkotik vasitələrin istifadəsi insan sağlamlığı ilə yanaşı, ailə və cəmiyyət üçün də ağır sosial problemlər yaradır, hüquqpozmalara və müxtəlif təhlükəli hallara səbəb olur.

Çıxışlarda gənclərin zərərli vərdişlərdən uzaq durmasının, sağlam həyat tərzinə üstünlük verməsinin, asudə vaxtlarını səmərəli təşkil etməsinin vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri, bu sahədə mövcud qanunvericilik və hüquqi məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin şagirdlərə sağlam gələcəyin təmin olunması üçün təhsilin, idmanın və milli-mənəvi dəyərlərin əhəmiyyəti barədə tövsiyələr verilib, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin rolunun böyük olduğu qeyd olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlarla maarifləndirici fikir mübadiləsi aparılıb.

Keçidlər