Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhərində tikilmiş süni örtüklü mini futbol meydançasının açılışı olub

08 sentyabr 2023 | 16:13

Uzun illərdir ki, Zərdab rayonunda müasir tipli idman qurğuları demək olar ki, yoxdur. Rayon gənclərinin və idman ictimaiyyətinin Rayon İcra Hakimiyyətinə ünvanladıqları çoxsaylı müraciətləri nəzərə alaraq icra hakimiyyəti tərəfindən cari ilin iyun ayında Heydər Əliyev prospektində süni örtüklü mini futbol meydançasının tikinti-quraşdırma işlərinə başlanılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili və pis vərdişlərdən uzaq olmasını təmin etmək üçün 42x22 metr ölçüdə olan mini futbol meydançası Türkiyə istehsalı süni örtüklə təmin edilmiş, gecə işıqlandırılması quraşdırılmış, stadionun ətrafında abadlıq işləri aparılmışdır. Futbol meydançası 08 sentyabr 2023-cü il tarixdə rayon gənclərinin və idmançıların istifadəsinə verilib, bu münasibətlə tədbir təşkil edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə rəmzi məna daşıyan qırmızı lent kəsilib.

Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək ölkəmizdə və rayonumuzda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verib,  stadionun açılışı münasibətilə rayon sakinlərini təbrik edib.

Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söhbət açıb.

Digər çıxış edənlər göstərilən diqqət və qayğıya, həyata keçirilən bütün tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimindən sonra tədbir iştirakçıları mini futbol meydançasında yaradılan şəraitlə tanış olublar. Daha sonra meydança futbolçuların ixtiyarına verilib.

Keçidlər