Zərdabda 20 yanvar faciəsinin 34-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş divar qəzetlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Şəhidlərin Xatirə parkında abidə önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər. Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ulu Öndər bu faciəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək, baş verənləri humanizmə, demokratiyaya zidd hesab etdiyini bəyan etmişdir. 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək şəhidlərimizin ruhlarını şad etdilər. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin başlatdığı azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər. Millət vəkili Jalə Əliyeva çıxış edərək həmin gecənin tariximizə qəhrəmanlıq səhifəsi kimi yazıldığını və heç vaxt unudulmayacağını bildirib. 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum xarakterli diplomatiyası, dövlət müstəqilliyimizin güclənməsi, ölkəmizin hərtərəfli inkişafını təmin edən siyasəti, regionda və beynəlxalq aləmdə artan nüfuzu, işğal olunmuş torpaqlarımızın azad olunması, xalqımızın qəhrəmanlıq salnaməsini yazan şəhidlərimiz barədə məlumat verib. Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.