Zərdabda 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü ilə əlaqədar tədbir keçirilib
23 iyun 2023-cü il tarixdə Zərdab rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təşkil olunan toplantıda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə çıxış edərək iştirakçıları bu münasibətlə təbrik etmiş, onları Rayon İcra Hakimiyyəti Başçısının Dəkkəoba kənd İƏD üzrə nümayəndəsi Ramiz Mirzağa oğlu İsayevin “Tərəqqi” medalı ilə təltif olunması haqqında Respublika Prezidentinin 22 iyun 2023-cü il tarixli sərəncamı ilə tanış etmişdir. Bildirilmişdir ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. İcra başçısı çıxışında müəssisələrdə çalışan dövlət qulluqçularının rayonun sosial-iqtisadi və mədəni inkişafına çox böyük töhfələr verdiklərini qeyd etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının Şıxbağı kənd İƏD üzrə nümayəndəsi Rauf Xəlilov və Bıçaqçı kənd İƏD üzrə nümayəndəsi Ruhulla Yusifov rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif olunmuşlar. Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.