Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

25 iyun 2023 | 15:14

Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində  26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş  “Heydər Əliyev və Azərbaycanda Ordu Quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbirdə  Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, veteranlar, çağırış yaşlı gənclər və digər idarə, təşkilatların nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, konstitusiya quruluşunun və müstəqilliyinin qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli Lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu sahəsində misilsiz fəaliyyət göstərib. Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas edib, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaradıb, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırıb və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirir.

Millət vəkili Jalə xanım Əliyeva çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olduğunu, bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdiyini vurğulayıb.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi Ramin Əhmədov, Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov, şəhidi atası Qədir Hüseynov, hərbi mütəxəssis, ehtiyatda olan zabit, polkovnik-leytenant Elmir Musayev, gənc çağırışçı Samir Qurbanov çıxış edib, Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə yürütdüyü Ordu siyasətinin bu günümüzdə olan dünya reallıqlarından, 44 günlük tarixi zəfərimizdən və  hərbi sahədəki yüksək inkişafdan bəhs ediblər.

Keçidlər