Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib

10 sentyabr 2024 | 16:18

10.09.2024-cü il tarixdə Zərdab rayonu üzrə 2023-2024-cü tədris ilini qızıl nişanla bitirən, Respublika Fənn Olimpiadalarında uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilib.

Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, rayonun hüquq-mühafizə orqanları,  idarə və təşkilatların nümayəndələri,  məktəb direktorları, müəllimlər, valideynlər, tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb. Ölkəmizdə təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, bu gün onun siyasətini uğurla davam etdirən Prezident cənab  İlham Əliyev gənclərin təhsilinə, hərtərəfli hazırlığına böyük önəm verdiyindən, müstəqil Azərbaycanı inamla işıqlı  gələcəyə doğru apardığından söhbət açıb. Qeyd edib ki, müasir gənclik qalib bir dövlətin vətəndaşı olduğu üçün fəxr etməli, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməli, ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvəsi ilə çalışmalıdır. İcra başçısı tələbə adına layiq görülmüş gəncləri təbrik edərək tələbəlik həyatında onlara uğurlar arzulayıb.

Çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanan bütün məzunları, təhsil ictimaiyyətini təbrik edib və vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsindən, gənclərin necə yetişməsindən asılıdır. Onu da qeyd edib  ki, bu gün ölkədə gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifələrdən danışaraq onlara  yaradılan şəraitdən səmərəli istifadə etmələrini, harada olmalarından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmağın vacibliyini diqqətə çatdırıb.

Daha sonra  600-dən yüksək bal toplayan tələbələr çıxış edərək bütün məzunlar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  və müəllimlərinə  minnətdarlıq hissini çatdıraraq, gələcəkdə savadlı və vicdanlı mütəxəssis olaraq vətənimizin inkişafı naminə əlindən gələni əsirgəməyəcəklərinə söz veriblər. 

Sonda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub və tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər