Zərdabda Aşura mərasimlərinin keçirilməsi ilə əlaqədar görüş keçirilib
Zərdab Rayon İcra Hakimiyyətində Aşura mərasimlərinin keçirilməsi ilə bağlı rayonun dini icma rəhbərləri, ağsaqqallarla görüş keçirilib.
Giriş sözü ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğının göstərildiyini qeyd edən icra başçısı Azərbaycan dindarlarının daim dövlətçiliyimizə sadiq olduqlarını vurğulayıb, İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirərək bu gün hər bir Azərbaycan vətəndaşının üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildirib.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə əlaqədar müraciəti görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin zəruriliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.