Zərdabda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
Zərdab Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın vəzifəli şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının, pambıq emalı müəssisələrinin rəhbərləri, eləcə də fermerlər iştirak ediblər.
Tədbirdə 12 iyun 2026-cı il tarixində Mərkəzi Aran iqtisadi rayonunda keçirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirədə, həmçinin 24 iyun 2026-cı il tarixində Sabirabad rayonunda Dövlət Proqramında pambıqçılıq sahəsi üzrə nəzərdə tutulan hədəflərə nail olunması məqsədilə keçirilmiş müşavirədə verilmiş tapşırıqlar, müəyyən edilmiş prioritet istiqamətlər və qarşıya qoyulmuş vəzifələr geniş müzakirə olunub.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək Dövlət Proqramının kənd təsərrüfatının, balıqçılıq və akvakultura sahələrinin inkişafı, məhsul istehsalı və emalının genişləndirilməsi, ixrac potensialının artırılması, məşğulluğun təmin edilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin rayon səviyyəsində vaxtında və keyfiyyətlə icrası üçün bütün aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və verilmiş tapşırıqların operativ icrası əsas prioritetlərdəndir.
İcra başçısı regional müşavirələrdə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verib, qarşıda duran vəzifələrin icrasına məsuliyyətlə yanaşılmasının vacibliyini diqqətə çatdırıb.
Müşavirədə Dövlət Proqramından irəli gələn tədbirlərin icrasının əlaqələndirilməsi və nəzarətdə saxlanılması məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən onun sədrliyi ilə xüsusi qərargah yaradılıb.
Müşavirədə çıxış edənlər Dövlət Proqramından irəli gələn tapşırıqların icrası, kənd təsərrüfatı sahələrində müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklərini, qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün əzmlə çalışacaqlarını bildiriblər.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.






