Zərdabda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib
06 noyabr 2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ölkədə Milli Dövlətin formalaşması, milli qanunvericiliyin möhkəmləndirilməsi üçün əhəmiyyətli əsas olmuşdur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Çox haqlı olaraq Milli Konstitusiyamızı “Heydər Əliyev Konstitusiyası” da adlandırırıq. Çünki Əsas Qanunumuzun bu qədər mükəmməl, dünyəvi və milli dəyərlərlə zəngin olması məhz ümummilli liderimiz Heydər Əliyevin zəkasının, zəhmətinin, təcrübəsinin məhsuludur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də 20 illik fəaliyyəti dövründə bir daha təsdiqləmişdir ki, bütün sahələrdə olduğu kimi Qanunun aliliyinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də Heydər Əliyev siyasi kursu əzmlə davam etdirilir və bundan sonra da davam etdiriləcəkdir.
Rayon məhkəməsinin hakimi İlqam Həsənquluyev çıxış edərək hüquqi dövlət quruculuğu haqqında tədbir iştirakçılarına məlumat verib.