Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar tədbir keçirilib

17 mart 2025 | 18:26

Zərdab Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar 1 saylı məktəb-liseydə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbirdə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, Rayon Təhsil Sektorunun müdiri Gülağa İsgəndərov, Zərdab Peşə liseyinin direktoru Babək Mikayılov, təşkilat müdirləri, tarix müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini çıxış edərək bildirmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını qeyd etmişdir.  Bildirmişdir ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir. Çıxış edənlər Azərbaycanın özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqlədiyini,  “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcəyini, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəyini diqqətə çatdırıblar.

Keçidlər