Zərdabda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Bıçaqçı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova və Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov çıxış edərək, dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. Bu bəlaya düçar olan şəxslərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu vurğulayan çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışılıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib. Maarifləndirici tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən videoçarx nümayiş olunub.