Zərdablı kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək üçün çalışırlar
13 may 2024 | 21:22
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür. Rayon üzrə 2016-cı ildə 5 ton 710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq, 2022-ci ildə 58 tondan çox, 2023-cü ildə isə 52 tondan çox olmaqla barama tədarük edilərək respublikada illər üzrə ən yüksək göstəriciyə nail olunmuşdur. Görülən tədbirlər cari ildə də davam etdirilir. Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da vardır. 2024-cü ilin məhsulu üçün 820 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Aparatın digər vəzifəli şəxslərinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, barama qurdlarına baxış keçirir və onların yemlə təminatının vəziyyəti ilə maraqlanır. 13 may 2024-cü il tarixdə rayonun Şahhüseynli, Əlvənd, Otmanoba kəndlərində saxlanılan ipəkqurdlarının vəziyyətinə baxış keçirilmiş, kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.
Otmanoba kənd sakini, 75 yaşlı Gülbəs Babayeva ötən il 100 qram ipəkqurdu toxumu saxlayaraq 284 kq barama təhvil vermiş, bu il isə 80 qram ipəkqurdu toxumu saxlayır. İpəkqurdunun saxlanma şəraiti ilə tanışlıq zamanı məlum olmuşdur ki, Gülbəs Babayeva cari mövsümdə daha yüksək nəticə əldə etmək əzmindədir.