Səhiyyə
Əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlər hesabat ilində də davam etdirilmişdir. Gəlmə kəndində Heydər Əliyev fondunun vəsaiti hesabına həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.
2021-ci il ərzində rayonda 469 uşaq doğulmuş, 0-1 yaşa qədər uşaq ölümü 1 nəfər olmuş (2020-ci ildə bu göstərici 3 nəfər olmuşdur), 17 nəfər ilkin vərəm (2020-ci ildə 26 nəfər), 1 nəfər brusellyoz xəstəsi aşkarlanmışdır.
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri rayon ərazisində uğurla təşkil edilmiş, bu sahədə Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərar və tapşırıqlarının icrası təmin edilmişdir. Respublika Nazirlər Kabinetinin Azərbaycan Respublikasında “COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın təsdiq olunması barədə sərəncamına uyğun olaraq 21 yanvar 2021-ci il tarixdən rayon əhalisinin peyvəndlənməsi prosesinə başlanılmışdır. İl ərzində 18 yaşdan yuxarı qeydiyyatda olan rayon sakinlərinin 30447 nəfəri və ya 69,7 faizi, faktiki yaşayanların 94,2 faizi birinci, 28020 nəfəri və ya 64,1 faizi ikinci, 14165 nəfəri və ya 87,5 faizi buster doza ilə peyvənd olunmuşdur. Hazırda rayon əhalisinin peyvənd olunması prosesi uğurla davam edir. Elə bunun nəticəsidir ki, il ərzində rayon üzrə testdən keçmiş 7189 nəfərin 1028-də diaqnoz təsdiqlənmiş, həmin şəxslərin 1005-i sağalmış, 10 nəfəri vəfat etmiş, 01.01.2022-ci il tarixə rayonda 13 aktiv koronavirus xəstəsi qeydə alınmışdır. Azərbaycan Dövləti və rayon icra hakimiyyəti tərəfindən əhalinin sağlamlığının qorunub-saxlanılmasına göstərilən diqqət və qayğı rayon ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir.
Azərbaycan Respublikasında Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə Zərdab rayonu ərazisində riayət olunması üçün zəruri tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ərazilərdə epidemioloji şəraitin normal saxlanılması üçün GEM tərəfindən zəruri tədbirlər görülmüş, dezinfeksiya işləri gücləndirilmiş, bu məqsədlə zəruri dərman ehtiyatı yaradılmışdır. Hesabat dövründə mütəmadi olaraq 19 uşaq bağçasının, 45 idarə və müəssisənin inzibati binalarında, 62 kommunal binada, 865 fərdi yaşayış evində, 138 ticarət və ictimai iaşə obyekində dezinfeksiya işlərinin aparılması həyata keçirilmiş və bu işlər hazırda da davam etdirilir.
Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qrafikinə uyğun olaraq 10 fevral 2021-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda qanvermə aksiyası keçirilmiş aksiyada 250 nəfərə yaxın rayon sakini iştirak etmişdir.
Hesabat dövründə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən uşaq və yeniyetmə müəssisələrində 7, kommunal obyektlərdə 13 yoxlama keçirilmiş, sanitar müayinələr aparılmışdır. Yoxlama nəticəsində aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün zəruri sanitar sağlamlaşdırma tədbirləri həyata keçirilmişdir.