Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

18 fevral 2016 | 16:00

Dünyanı bürüyən iqtisadi böhran şəraitində respublikamızda aparılan ardıcıl iqtisadi islahatlar digər bölgələrimiz kimi, Zərdab rayonunda da sosial-iqtisadi inkişafı təmin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Zərdabda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaqdakı məruzəsində rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev ətraflı məlumat verib.

İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışaraq, düşünülmüş və uzaqgörən siyasət nəticəsində yaradılan siyasi sabitliyin, aparılan islahatların, neftdən asılılığın azaldılmasının, sahibkarlığın inkişafının iqtisadiyyatın mənfi təsirlərə qarşı dayanıqlığını təmin etdiyini bildirib. Məhz bütün bunların nəticəsidir ki, hesabat ili Zərdab rayonunda ümumi məhsul buraxılışının həcmi 85 milyon 383 min manat olub. Bu göstərici 2014-cü ilə nisbətən 4 milyon 84 min manat çoxdur. Aqrar sektorda aparıcı sahələrdən olan taxılçılıqda istehsal 118 ton artaraq 49850 tona çatıb. Heyvandarlıq üzrə bütün göstəricilərdə də artım olub.

Rayonda genişhəcmli tikinti-quruculuq və abadlıq işləri görülüb, xeyli sosial layihələr reallaşdırılıb. Əsas kapitala 8 milyon 556 manat investisiya yönəldilib ki, bunun 8 milyon 141 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Əhalinin elektrik enerjisi ilə normal təminatı, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Artıq rayonun 25 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 3 kənddə işlər yekunlaşıb, 9 kənddə isə qazlaşdırma davam etdirilir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində əldə olunan uğurlar barədə də geniş məlumat verilib.

Məruzə və çıxışlarda qarşıda duran təxirəsalınmaz vəzifələr, o cümlədən iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı üçün potensial imkanlardan istifadə, sahibkarlara dəstək, yeni iş yerlərinin açılması və digər məsələlər barədə ətraflı danışılıb.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış ediblər.

Yığıncaqda 2016-cı ilin sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı qəbul olunub.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər