Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda ümumrayon anım mərasimi keçirilib

12 dekabr 2016 | 16:00

Zərdab rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. 10-11 dekabr 2016-cı il tarixlərdə bağça uşaqları, ümumtəhsil məktəblərinin şagirdləri Ümummilli liderin abidəsini ziyarət edərək, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olublar.
Bu gün isə Zərdabda ümumrayon anım mərasimi keçirilib. Rayon rəhbərliyi, veteranlar, hüquq-mühafizə orqanlarının işçiləri, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Sonra iştirakçılar anım gününə həsr olunmuş baxış müsabiqədə qalib gəlmiş divar qəzetləri, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi və foto stendlərlə tanış olublar.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev məruzə ilə çıxış edib. Qeyd edilib ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Hələ sağlığında özünə əbədiyaşarlıq statusu qazanmış Ümummilli lider siyasi və ictimai fəaliyyəti ilə öz xalqının və Azərbaycanın çağdaş tarixində elə bir iz qoyubdur ki, bu gün Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir.
Natiq Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını mərasim iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də regionlarda görülən genişmiqyaslı abadlıq və quruculuq işləri, insanların sosial problemlərinin həlli istiqamətində atılan cəsarətli addımlar, müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Heydər Əliyev ruhuna hörmət və ehtiramın ən bariz nümunəsidir.
Mərasim iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər.

Keçidlər