Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin təbriki

31 avqust 2017 | 16:00

Əziz zərdablılar,
Sizi və respublikamızın digər regionlarında, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan  bütün zərdablıları birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlığa və humanizmə, xeyirxahlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Tanrı və din yolunda, müqəddəs amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində çox böyük işlər görülmüşdür. Bu adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. Artıq Qurban bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur.
Azərbaycan xalqı uzun illər yad ideologiya və rejimlərin qadağaları şəraitində yaşamalı olsa da, heç vaxt tarixi köklərindən ayrı düşməmişdir. Milli adət və ənənələrini, dini etiqadını, inancını bu günümüzə qədər qoruyub saxlamışdır.
Xalqımız öz milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur. Respublikamızın bütün bölgələrində Allahın adına qurbanlar kəsilir, məscidlərdə xalqımızın və dövlətimizin firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, 2017-ci ilin Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
İnanırıq ki, builki Qurban bayramı ölkəmizdə daha xoş günlərin müjdəçisi olacaqdır.
Əziz zərdablılar,
Sizə bu müqəddəs bayram günlərində Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

Lütvəli Babayev

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı

Zərdab şəhəri, 31 avqust 2017-ci il

Keçidlər