Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Qəbələyə səfərdən məmnun qalıblar

13 noyabr 2017 | 16:00

Qəbələ, 12 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə ekskursiyaya çıxan Biləsuvar, Kürdəmir, Hacıqabul, Zərdab və Ucar rayon məktəblərinin IX-XI sinif şagirdləri noyabrın 12-də Qəbələnin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, rayonun müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, coğrafiyası, turizm obyektləri və muzeyləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə baxıblar. Şagirdlər ekskursiya zamanı ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan və ölkəmizin dilbər guşəsi olan Qəbələ ilə yaxından tanış olublar. Verilən məlumatlar, göstərilən fotoşəkillər və videogörüntülər əsasında respublikamızın dinamik sosial-iqtisadi inkişafı, eləcə də gündən-günə abadlaşan Qəbələnin yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaranıb. Sonra Zərdab məktəblilərinin qrup rəhbəri Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist Həsən bəy Zərdabinin seçilmiş məqalələri və məktublarının daxil olduğu yeni çapdan çıxmış kitabı Heydər Əliyev Mərkəzinə təqdim edib.

Ümumilikdə 200 nəfər məktəblinin Qəbələ ilə tanışlığının növbəti ünvanı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, kompleksin 4 kanat xəttinin və 10 xizək yolunun hamısında tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin səmərəli təşkili üçün restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və ilin bütün fəsillərində gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir.

Turizm kompleksi ilə yaxından tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə turizm sahəsinin çox böyük payı var. İndi Qəbələdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol Xəritəsində öz əksini tapıb.

Sonra şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.

Daha sonra Heydər Əliyev adına Konqres Mərkəzinə gələn şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Şagirdlər, həmçinin Rayon Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər.

Nic qəsəbəsinə səfər zamanı şagirdlər “Cotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nic qəsəbəsində udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.

Məktəblilər “Beltmann” piano fabrikində və Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olublar. Şagirdlər həmçinin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar.

Şagirdlər asudə vaxtlarında Qəbələnin müasir otelləri, “Qəbələnd” istirahət və əyləncə mərkəzi, bölgənin füsunkar təbiəti ilə tanış olublar, bu rayona səfərdən məmnun qaldıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Keçidlər