Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Zərdab rayonu 05 fevral 1935-ci ildə təşkil olunmuşdur. Bu vaxtadək Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. 01 yanvar 1963-cü ildə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir. 06 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Bir çox mənbələrdə Zərdab sözünün fars dilindəki zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığı göstərilir, xəstəlik yayan sarı su mənasını verdiyi bildirilir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə, iylənmiş su mənasında işləndiyini iddia edirlər.

Başqa bir mənbədə Zərdab sözünün “qızıl su” mənasını verdiyi bildirilir. Çünki o vaxtlar Kür və Qarasu çaylarının daşması nəticəsində suyun çökəkliklərdə, axmazlarda yığılan hissəsi əkinçilər üçün qızıl qədər əhəmiyyətli olurdu.
Zərdabın tarixinə gəlincə qeyd etmək lazımdır ki, bugünkü Zərdab şəhəri hələ 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Zərdab rayonunun ərazisi arxeoloji baxımdan demək olar ki, öyrənilməmişdir.
XX əsrin 70-ci illərində rayon ərazisində aparılan meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət əşyaları və mədəniyyət nümunələri aşkar edilmişdir və hazırda bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (№ 132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.

 

Keçidlər