İqtisadiyyat
Respublikamızda gedən davamlı inkişaf prosesi 2022-ci ilin yekunlarına görə rayonumuza da öz təsirini göstərmişdir.
Hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 149 milyon 417 min 300 manatlıq məhsul istehsal edilmişdir.
İstehsal olunmuş məhsul və xidmətlərin 100 milyon 257 min 100 manatı ( 67,1 faiz) kənd təsərrüfatının, 32 milyon 446 min 100 manatı ( 21,7 faiz) ticarətin, 11 milyon 932 min 600 manatı (8,0 faiz) sənayenin, 2 milyon 82 min 100 manatı (1,4 faiz) tikinti-quraşdırma işlərinin, 2 milyon 17 min 400 manatı (1,3 faiz) nəqliyyatın, 682 min manatı (0,5 faiz) poçt və rabitə xidmətlərinin payına düşmüşdür.
İl ərzində rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 101 milyon 394 min manatlıq istehlak malları satılmışdır ki, bu da ötən illə müqayisədə 15,4 faiz çoxdur.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən illə müqayisədə müqayisədə 11,2 faiz artaraq 13 milyon 971 min manat olmuşdur.
Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində xeyli iş görülmüşdür.
2022-ci ilin məhsulu üçün rayon ərazisində 5432 hektarı arpa, 13016 hektarı buğda və 413 hektarı xəsil olmaqla ümumilikdə 18861 hektar sahədə taxıl səpini aparılmışdır.
Rayon üzrə 18448 hektar taxıl sahələrindən 61 min 780 ton məhsul tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 33,5 sentner olmuşdur.
2023-cü ilin məhsulu üçün rayon ərazisində 18264 hektar sahədə taxıl səpini aparılmışdır. Taxıl səpini aparılmış sahənin 4585 hektarı arpa, 13222 hektarı buğda və 457 hektarı xəsildir. Taxılçılıq üzrə 2 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş, onlar tərəfindən 234 hektar sahədə səpin və aprobasiya aparılmış, baxış aktı yazılmış, 136 hektar buğda və 49 hektar arpa sahəsinin biçilməsi məqsədəuyğun hesab olunmuşdur. 169,3 ton toxumluq arpa (hər hektardan məhsuldarlıq 34,5 sentner) və 539,5 ton toxumluq buğda istehsal olunmuşdur (hər hektardan məhsuldarlıq 39,6 sentner).
2023-cü ilin məhsulu üçün 50 hektar sahədə toxumluq arpa, 90 hektar sahədə toxumluq buğda əkilmişdir.
Hesabat dövründə 541,2 hektar qarğıdalı sahəsindən 1707,4 ton, 151 hektar çəltik sahəsindən 853,5 ton, 1,3 hektar günəbaxan sahəsindən 3,8 ton, 210 hektar kartof sahəsindən 4068,8 ton, 207,1 hektar müxtəlif növ tərəvəz sahəsindən 3480,2 ton, 211,3 hektar bostan sahəsindən 7204,6 ton, 36,0 hektar darı sahəsindən 83,5 ton məhsul istehsal edilmişdir. Ötən illə müqayisədə 2022-ci ildə kartof istehsalı 7,8 ton, tərəvəz istehsalı 56,8 ton, bostan məhsulları istehsalı 81 ton çox olmuşdur.
Meyvə bağlarından keçən ilə nisbətən 25,9 ton çox olmaqla 3086,1 ton meyvə toplanmışdır.
“Aqrobaz” MMC tərəfindən 380 hektar sahədə dən üçün qarğıdalı, 80 hektar sahədə silos üçün qarğıdalı, 100 hektar sahədə pambıq əkilmişdir. 2022-ci ildə 1300 ton taxıl, 78 ton pambıq, 660 ton dən üçün qarğıdalı istehsal edilmişdir. 2023-cü ilin məhsulu üçün 706 hektar sahədə buğda əkilmiş, 90 hektar sahədə köhnə yonca saxlanılmış, 200 hektar sahədə şum qaldırılmışdır. Suvarmada yaranan çətinliklə əlaqədar şum və əkin işləri tam aparılmamışdır.
2022-ci ildə Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən 6912 nəfər fermerə kənd təsərrüfatı məhsullarının istehsalına görə 3 milyon 534 min 600 manat subsidiyanın verilməsi təmin olunmuşdur.
2023-cü ilin məhsulu üçün ümumilikdə 6636 nəfər fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan vermişdir.
Hesabat ilində rayonda 2780 hektar pambıq sahəsindən 8959,6 ton xam pambıq tədarük olunmuşdur. Hər hektardan məhsuldarlıq orta hesabla 32,2 sentner olmuşdur ki, bu da respublikada ən yaxşı göstəricidir. 2021-ci ilə nisbətən pambıq tədarükü 1605,7 ton, orta məhsuldarlıq 8,3 sentner çoxdur.
Respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində 2022-ci ildə pambıq təhvil vermiş 676 istehsalçıya dövlət büdcəsinin vəsaiti hesabına 1 milyon 456 min 100 manat subsidiya verilmişdir.
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda konkret tədbirlər həyata keçirilmişdir. 2022-ci ildə rayonda fəaliyyət göstərən Yaş Baramanın qəbulu məntəqəsində inkubasiya edilmiş 1350 qutu barama qurdu kümçülərə paylanılaraq normal bəsləmə aparılmış, 54 ton proqnoz tapşırığa qarşı 58 tondan çox barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunmuşdur. 3 min nəfərə yaxın rayon sakini bu sahədə mövsümi işlə təmin olunmuşdur.
Rayon üzrə təhvil verilmiş yaş baramaya görə 565 kümçüyə dövlət büdcəsinin vəsaiti hesabına 343 min 880 manat subsidiya verilmişdir.
2022-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 8450 ədəd yerli sort tut tinginin əkilməsi təmin olunmuş, 2021-ci ilin payızında əvəzsiz olaraq verilmiş 40 min ədəd (18,85 ha) tut tingləri ilə birlikdə qorunması və suvarılması nəzarətdə saxlanılmışdır.
Rayonda 01 yanvar 2023-cü il tarixə iribuynuzlu mal-qaranın sayı 54 min 986 başa, qoyun-keçilərin sayı 114 min 987 başa çatmışdır ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 124 və 169 baş çoxdur.
Hesabat dövründə 43 min 788 sentner ət, 319 min 649 sentner süd, 2096 sentner yun, 8 milyon 103 min ədəd yumurta istehsal edilmişdir. Ötən hesabat dövrü ilə müqayisədə ət istehsalı 9 sentner, süd istehsalı 17 sentner, yun istehsalı 2 sentner, yumurta istehsalı 1000 ədəd artmışdır.
Mal-qaranın qaba yemə olan tələbatının ödənilməsi məqsədilə rayon ərazisində 15495,0 hektar yonca sahəsindən 104284,9 ton qaba yem tədarük olunmuşdur.
Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2022-ci il ərzində 4475 baş inək və düyələrdə aparılmış süni mayalanma nəticəsində 3585 baş sağlam bala alınmışdır. Bu ötən illə müqayisədə 803 baş çoxdur.
Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində 2022-ci ildə 3630 baş buzova görə fermerlərə dövlət büdcəsinin vəsaiti hesabına 363 min manat subsidiya verilmişdir.
Zərərvericilərin əkin sahələrinə vurduğu ziyanı və fermerlərin müraciətlərini nəzərə alaraq məhsul itkisinin qarşısını almaq məqsədi ilə Zərdab Rayon Bitki Mühafizə Mərkəzi tərəfindən siçanabənzər gəmiricilərə qarşı 273,5 hektar sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə aparılmışdır.
Arıçılığın inkişaf etdirilməsi istiqamətində rayonda xeyli iş görülmüşdür, hazırda rayon ərazisində 202 təsərrüfatda 3494 arı ailəsi saxlanılır. 2022-ci ildə arı ailələrinə görə fermerlərə dövlət büdcəsinin vəsaiti hesabına 349400 manat subsidiya verilmişdir.
Rayon ərazisində mövcud mal qara və quşları yoluxucu xəstəliklərdən qorumaq məqsədilə Zərdab Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən profilaktik tədbirlər davam etdirilmişdir.
2022-ci ildə rayonda əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 36 ədəd nasos, 9 ədəd elektrik mühərriki, 8 dizel mühərriki, 18 hidrotexniki qurğu, 6,4 km dəmir-beton nov və beton kanallar təmir edilmiş, 906,8 km uzunluğunda suvarma kanalı lildən təmizlənmişdir. 42 min hektardan çox sahə suvarma suyu ilə təmin edilmişdir.
Bələdiyyələrin vəsaiti hesabına 161 km təsərrüfatdaxili, 17 km şirə kanalı lildən təmizlənmişdir.
Rayonun Körpükənd kəndində uzunluğu 40 pm olan istismar müddətini başa vurmuş 630 mm-lik boru yenisi ilə əvəz olunmuşdur.
Rayonun Bəyimli qəsəbə, Qoşaoba, Dəli Quşçu, Dəkkəoba və Təzəkənd kəndlərində pay torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün “Təzəkənd” nasos stansiyasında əlavə olaraq daha 1 ədəd yeni nasos quraşdırılmışdır.
Hesabat dövrü ərzində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2020-ci il tarixli 1986 nömrəli sərəncamı ilə yaradılmış Komissiyanın 2022-ci ilin fevral və mart aylarında keçirilmiş iclaslarında qəbul olunmuş qərarlara uyğun olaraq rayon ərazisində müvafiq tədbirlər görülmüşdür.
“Zərdab rayonu üzrə suya olan tələbatın aylar üzrə həcm cədvəli” tərtib edilmiş, aidiyyəti üzrə Nazirlər Kabinetinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş, yerlərdə suvarmanın növbəlik əsasında aparılması üçün qrafik təsdiq edilmiş, vaxtaşırı olaraq reydlər təşkil olunaraq sudan istifadə vəziyyətinə nəzarət edilmiş, su itkisinin qarşısı maksimum səviyyədə alınmışdır. Görülmüş tədbirlər nəticəsində keçən ilə nisbətən 2022-ci ildə əkin sahələrinin suvarma suyu ilə təminatında çox ciddi problemlər olmamışdır.
“Aqroservis” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin Zərdab Rayon bölməsi tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 36,95 ton Ammonium-nitrat, 567,6 ton Karbamit mineral gübrəsi, 14,45 ton ammafos gübrəsi və 719,9 ton müxtəlif adda pestisidlər satılmışdır.
Hesabat dövründə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən Kür çayının aşağı axarının sol sahilində rayonun Məlikli, Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər, Şəftəhal, Allahqulubağı və Lələağacı kəndləri ərazisində maşın və mexanizmlərin köməyi ilə 12,03 km məsafədə 348,82 min kub metr həcmində qayakəsmə və 11,07 km məsafədə 97,68 min kub metr həcmində bəndlərin təmiri, Türyançay və Göyçay çaylarında 5,6 km məsafədə 139,49 min kub metr həcmində məcranın təmizlənməsi işləri görülmüşdür.
Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının istismarı idarəsi tərəfindən rayon ərazisində 68,8 km uzunluğunda 201,8 min kub metr kollektor-dren şəbəkəsi lildən təmizlənmişdir.
Heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində iri və xırda buynuzlu mal-qaranın baş sayının artaraq 170 minə çatması Dövlət və Bələdiyyə mülkiyyətində olan örüş-otlaq sahələrinə olan tələbatı artırmışdır.
Örüş sahələrindən düzgün istifadənin təmin edilməsi məqsədi ilə hesabat dövrü ərzində aidiyyəti qurumların iştirakı ilə Dövlət torpaq fondunun rayonun inzibati ərazisinə daxil olan hissələrində vaxtaşırı olaraq monitorinqlər təşkil olunmuşdur. Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış xüsusi komissiya tərəfindən görülmüş tədbirlər nəticəsində 10 bələdiyyə üzrə 853,2 hektar, o cümlədən 2022-ci ildə Bəyimli qəsəbəsində 75 hektar, Məlikli kəndində 10 hektar, Körpükənd kəndində isə 95 hektar örüş sahəsi boşaldılaraq sakinlərin ümumi istifadəsinə qaytarılmışdır. Xüsusi komissiya tərəfindən Körpükənd və Məlikli kəndlərində ümumi istifadədə olan örüş torpaqlarından istifadə vəziyyəti araşdırılmış və torpaqlardan istifadə qaydalarını pozan istifadəçilərə, o cümlədən Körpükənd kəndi üzrə 51, Məlikli kəndi üzrə 19 istifadəçiyə xəbərdarlıq məktubları göndərilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Fond torpaqlarından qanunsuz istifadə edən 45 nəfər icarədara xəbərdarlıq məktubu göndərilmiş, 3 torpaq istifadəçisi barəsində məhkəmədə iddia qaldırılmışdır.
İqtisadiyyatın inkişaf etdirilməsində və istehsalın stimullaşdırılmasında dövlət büdcəsinin xüsusi rolu vardır. 2022-ci ildə rayon büdcəsinin mədaxil hissəsi 5 milyon 298 min manata qarşı 6 milyon 81 min manat və ya 114,0 faiz, yerli gəlirlər 5 milyon 89 min manata qarşı 6 milyon 81 min manat və ya 119,0 faiz icra olunmuşdur.
Rayon büdcəsinin məxaric hissəsi 5 milyon 298 min manata qarşı 4 milyon 301 min manat və ya 81 faiz icra olunmuşdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı hissəsinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Hesabat dövründə Qarabağ Müharibəsi əlillərinə, şəhid ailələrinə və digər aztəminatlı ailələrə 51873 manatlıq maddi yardım, 34 nəfərə ərzaq məhsullarından ibarət sovqat, 8 nəfərə dərman preparatı və 11 nəfərə 11880 manat dəyərində tikinti materialları verilmişdir.
Qarabağ Müharibəsi əlillərinə, şəhid ailələrinə və digər aztəminatlı ailələrə “Novruz Bayramı”, Zəfər günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqı konfederasiyası tərəfindən 150, “Yaşat fondu” tərəfindən 15 bağlama ərzaq məhsullarından ibarət bayram sovqatı verilmişdir.
Xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Rayonun Ağabağı kəndində 1 ədəd 100 kV-luq kompleks transformator məntəqəsi tikilib istifadəyə verilmiş, Körpükənd, Alıcanlı, Təzəkənd, Xanməmmədli kəndlərində və Bəyimli qəsəbəsində su nasoslarına, Məlikli, Sarıqaya, Ağabağı, Qoşaoba, Məmmədqasımlı, Əlvənd, Otmanoba kəndlərində və Bəyimli qəsəbəsində əhaliyə xidmət edən zədələnmiş transformatorlar yenisi ilə əvəz olunmuşdur. Gəlmə kəndindəki suvarma nasosuna 100 kVA gücündə transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılmışdır.
Hər birində 2 ədəd olmaqla 35 kV-luq Ucar-Seyidlər və 35 kV-luq Zərdab-Əlvənd hava xətlərində dayaqlar təmir edilmişdir.
35/10 kV-luq Yuxarı Seyidlər və Məlikli yarımstansiyalarından çıxan hava xətlərində təmir işləri aparılmışdır.
Rayonun Bıçaqçı kəndi ərazisində 100 kVA transformatordan çıxan 0,4 kV-luq hava xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 167 ədəd 0,4 kV-luq metal dayaq əkilərək 4,35 km 0,4 kV-luq, 32 hektar adlanan yeni qəsəbədə 250 kVA transformatordan çıxan 0,4 kV-luq hava xəttinin 0,07 km yeni özüdaşıyıcı izolyasiyalı xətti tikilərək istismara verilmişdir.
2022-ci il ərzində 136 ədəd elektrik sayğacı quraşdırılmış, 1026 ədəd sayğac yenilənmiş, əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyəri 100,8 faiz ödənilmişdir.
Əhaliyə verilən təbii qazın dayanaqlığını təmin etmək məqsədilə şəhərin Şəhriyar, B.Allahverdiyev, R.Kərimov, Sülh küçələrində, Qumlu yaşayış massivində, Burunlu, Şahhüseynli, Otmanoba, Şəftəhal, Alıcanlı, Məlikumudlu, Bıçaqçı, Əlvənd, Çallı, Yuxarı Seyidlər, Məlikli kəndlərində cari təmir işləri aparılmış, 1265 ədəd yeni qaz sayğacı quraşdırılmışdır.
Şəhərin H.Aslanov, M.Hüseyn küçələrində, Qumlu yaşayış massivində, Bıçaqçı, Çallı, Dəli Quşçu, Qoruqbağı, Dəkkəoba, Alıcanlı, Pərvanlı kəndlərində vətən müharibəsi iştirakçılarına məxsus fərdi yaşayış evləri layihə əsasında qazlaşdırılmışdır.
Qazlaşdırılmasına başlanılmış Kəndəbil, Ağabağı, Cilovxanlı kəndlərində işlər davam etdirilmişdir. İl ərzində Kəndəbil kəndində 13273 pm yerüstü, 2756 pm yeraltı, Cilovxanlı kəndində 4015 pm yerüstü, 1700 pm yeraltı, Ağabağı kəndində isə 4223 pm yerüstü qaz xətləri çəkilmişdir Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyəri 94,3 faiz (2021-ci ildə 89,5 faiz) ödənilmişdir
Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə şəhərin Zərdabi küçəsində, Təzəkənd kəndində, rayonun müxtəlif inzibati ərazi dairələrində kənd sakinlərinə xidmət edən 20 qurğu və 129 modul tipli su bulaqlarında cari təmir işləri aparılmışdır. 24 abonentə su xətti çəkilmiş, 26 ədəd mexaniki su sayğacı quraşdırılmışdır.
Rayonun Gəlmə kəndində 100 abonentə fərdi qaydada su çəkilmiş və su sayğacları quraşdırılmışdır.
Əhali sektorunda istehlak olunmuş suyun dəyəri 98,0 faiz (2021-ci ildə 96 faiz) ödənilmişdir.
Hesabat dövründə “Azəravtoyol” ASC-nin “39 saylı Yol İstismarı” MMC tərəfindən orta və cari təmir, yolların saxlanılması istiqamətində 2 milyon 484,6 min manatlıq iş görülmüşdür.
Bələdiyyələrin daxili imkanları hesabına rayonun kəndlərinin ərazisində 94 km məsafədə yollara qreyder çəkilmiş, kəndarası yollara 4350 tondan çox çınqıl döşənmişdir.
Hesabat dövründə rabitə və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür.
Telekommunikasiya Qovşağı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 106,8 faiz əməl edilmişdir.
İl ərzində 33-i şəhərdə, 132-si kənddə olmaqla, ümumilikdə 165 abonentə yeni telefon xətti çəkilmişdir.
Sürətli internet xidmətindən istifadə vəziyyətini yaxşılaşdırmaq istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mərkəzi Elektron Avtomat Telefon Stansiyasında avadanlıqların montaj tutumu 5628-ə, internet xidməti istifadəçilərinin sayı 4741 nəfərə çatdırılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən montaj tutumu 240, internet xidməti istifadəçilərinin sayı 205 nəfər artmışdır.
Şəhərin Azərbaycan, Ə.Mamayev, S.Abdullayev, Ş.Şükürov, Füzuli, Babək küçələrində, Qumlu yaşayış massivində, 21 saylı qəsəbədə, Bıçaqçı, Alıcanlı, Şahhüseynli, Çallı, Qoşaoba, Yarməmmədbağı, Məlikli, Körpükənd və digər kəndlərdə rabitə xətlərində təmir işləri aparılmışdır.
Rayonun Məlikumudlu və Burunlu kəndlərində GPON tipli müasir elektron ATS quraşdırılmış, sakinlər internet xidməti ilə təmin edilmişdir.
Zərdab Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən Dəli Quşçu, Şıxbağı, Dəkkəoba, Kəndəbil, Nəzəralılı, Ağabağı, Gəlmə, Əlvənd, Otmanoba kəndlərində GPON tipli müasir elektron ATS-in quraşdırılması işləri davam etdirilir.
Zərdab Poçt filialı tərəfindən 2022-ci ildə 416 min 117 manat gəlir əldə edilmiş, filial hesabat dövrünü 135 min 753 manat mənfəətlə başa vurmuşdur.
Hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilmişdir.
Şəhərin Mehdi Hüseyn küçəsində səkilər təmir edilmiş, 620 kvadrat metr səkiyə piltə, 258 metr bardür düzülmüşdür. Yerüstü kanalizasiya xətti betonlanaraq təmir edilmişdir. Dəli Quşçu kəndində Aşağı Şirvan Kollektorunun üzərində yeni körpü tikilib istifadəyə verilmişdir.
Zərdab şəhərini Gəlmə kəndi ilə birləşdirən, Qarasu çayı üzərində yerləşən, uzunluğu 90 metr olan piyada körpüsündə təmir işləri aparılmışdır.
Təzəkənd kəndində Z.İsaqov küçəsində 1600 metr məsafədə 39 ədəd müasir elektrik dirəkləri quraşdırılmışdır, küçənin işıqlandırılması yüksək səviyyədə təmin edilmişdir.
Zərdab şəhərinin Fərrux Eminov küçəsi istiqamətində, ümumi sahəsi 0,25 ha olan ərazidə abad məhəllə tikilmişdir. 1300 kv.metr sahəyə tamet tavalar, 300 metr beton bardyur düzülmüş, dairəvi oturacaq inşa edilmiş, 2 ədəd söhbətgah quraşdırılmış, 1 ədəd dairəvi oturacaq inşa edilmiş, 10 ədəd oturacaq quraşdırılmışdır. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2 ədəd yeraltı çirkab quyusu inşa edilmiş və kanalizasiya xətti yenidən qurulmuşdur. 2022-ci ilin avqust ayında məhəllənin açılışı olmuşdur.
Hesabat dövründə 21 saylı qəsəbədəki kommunal binanın və Azərbaycan küçəsindəki 7 nömrəli kommunal binanın qarşısı, şəhərin Yusif Məmmədəliyev, Cabir Abdulxalıqov, Həzi Aslanov, Şəhriyar, Nurəmir Əliyev, Malik Xəlilov, Nəsrəddin Tusi küçələri asfaltlaşdırılmışdır.
2022-ci il ərzində əsas kapitala 8 milyon 46 min 500 manat investisiya yönəldilmiş, onun 25,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Rayonun inzibati ərazi dairələrində ümumi sahəsi 2312 kv.metr olan 23 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir
Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhərin təmizliyinə diqqət artırılmış, əhali ilə bağlanmış müqaviləyə uyğun olaraq məişət tullantılarının kənarlaşdırılması qrafik üzrə təmin edilmişdir. Şəhərin küçələrinə, kommunal binaların və sahibkarlıq obyektlərinin qarşısına müasir tipli yeni tullantı yeşikləri qoyulmuşdur.
Mənzil İstismar Sahəsi tərəfindən kommunal ərazilərdə məişət tullantılarının və çirkab suyunun daşınmasına diqqət artırılmışdır.
Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsi tərəfindən hesabat dövrü ərzində 840 ədəd müxtəlif növ şam ağacı, 900 ədəd mövsümü bəzək gülləri əkilmiş, 650 kvadrat metr sahəyə qazon örtüyü vurulmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Rayon Polis Şöbəsinin nümayndələrinin iştirakı ilə rayonun 20 yanvar küçəsində çirkab sularının açıq şirəkeş kanallarına axıdılması, antisanitar vəziyyətin yaranması ilə bağlı monitorinq keçirilmiş, qaydaları pozan vətəndaşlara rəsmi qaydada xəbərdarlıq olunmuşdur.
Hesabat dövründə sahibkarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 8 hüquqi, 492 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir.
2022-ci ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına rayonda sahibkarlıq subyektlərinə 23 layihə üzrə 542.9 min manat məbləğində kredit verilmişdir.
Hesabat dövründə rayonda 146 yeni iş yeri yaradılmışdır.
İl ərzində 327-si qadın olmaqla 892 nəfər iş axtaran qeydiyyata alınmış, onlardan 137-si qadın olmaqla 287 nəfər rayonun idarə, müəssisə və təşkilatlarında müvafiq işlə təmin edilmişdir. Rayonda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə rayona gələnlərin sayı gedənlərin sayından 3 dəfə çox olmuşdur (gələn 46, gedən 14 nəfər).
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işinin davam etdirilməsi nəticəsində özünüməşğulluq layihəsinə cəlb olunmuş 142 nəfər iş axtaran və işsiz vətəndaş istehsal və xidmət sahələri üzrə aktivlərlə təmin edilmişdir.