Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.

Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.

Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu, Azərbaycan 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başladı və ən müasir silahların ixracatçısına çevrildi. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirildi.

Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.

Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.

Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsi zaman məsələsinə çevirdi.

Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi.

Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.

Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.

Prezident İlham Əliyev bu dövrü aydın şəkildə təsvir edir: “Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”.

2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi.

2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.

2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Beləliklə, 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdirməyə davam etdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

2020-ci il oktyabrın 4-dəki xalqa ikinci müraciətində Prezident İlham Əliyev düşmənə öz yerini göstərdi: “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”.

2020-ci il oktyabrın 9-dakı xalqa üçüncü müraciətində Azərbaycan Prezidenti status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: “Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.

2020-ci il oktyabrın 17-də xalqa növbəti müraciətində Prezident İlham Əliyev raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

2020-ci il oktyabrın 20-də xalqa beşinci müraciətində Azərbaycan Prezidenti əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”.

2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində dövlət başçısı Azərbaycan xalqını həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: “…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Azərbaycan Prezidenti müharibə nəticəsinin Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün ən yaxşı nümunə olduğunu bildirdi: “Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, “Vətən sağ olsun”. Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam”.

Prezident İlham Əliyev, həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir”.

Ermənistan qoşunlarının döyüş itkiləri
Sıra №-si İtkilər Cəmi
1. Şəxsi heyət 10000-ə qədər
2. Tank 287
3. PDM 66
4. PDM-K 3
5. 152 mm-lik ÖAQ (2S3 Akasiya) 14
6. 122-lik ÖAQ (2S1 Qvozdika) 14
7. Top (müxtəlif çaplı) 315
8. Minaatan (müxtəlif çaplı)/TƏV 63/53
9. 300 mm-lik BM-30 (“Smerç”) 4
10. SU-25 təyyarə 5
11. 122 mm-lik BM-21 (“Qrad”) 97
12. 220 mm-lik “Uraqan” 2
13. 273 mm-lik WM 80 YARS 2
14. 220 mm-lik TOS (sursatı ilə birlikdə) 2
15. S-300 ZRK atıcı qurğusu 7
16. S-300 ZRK işıqlandırma və yönəltmə r/lokatoru 1
17. S-300 ZRK RL aşkaretmə stansiyası 2
18. 5N84 (Oborona) RLS 1
19. ZRK “Tor” 6
20. ZRK “Osa” 38
21. ZRK “Osa” doldurucu qurğu 1
22. ZRK KUB atıcı qurğusu 2
23. ZRK KUB İKT stansiyası 2
24. ZRK KRUQ RTS 1
25. ZRK S-125 antena postu (UNV-2D) 2
26. ZQ M55 Zastava (MTLB üzərində) 5
27. ZQ-23-2/4 (MTLB üzərində) 9
28. PUA 22
29. ƏTRK “ELBRUS” (raket) 2
30. Ballistik raket 2
31. “TOÇKA-U” raket kompleksi 1
32. PMZ (mina döşəyən) 1
33. REM (RTK) vasitəsi /Retranslyator 5/1
34. R-142 (komanda-qərargah maşını), dizel aqreqatı 2/1
35. NEBO-M (hava hədəfləri RLS) 1
36. P-19 radiolokasiya stansiyası 1
37. P-18 radiolokasiya stansiyası/antena postu 3/1
38. 19J6 radiolokasiya stansiyası 3
39. Repellent (radiotexniki maneə vasitəsi) 4
40. Yük avtomobili (22 sursatlı), minik avtomobili 253/46
41. PİKAP avtomobil/xüsusi avtomobil 5/1
42. MTLB 3
Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər
Sıra №-si Hərbi qənimətlər Cəmi
1. Döyüş sursatları (müxtəlif çaplı) 2994285
2. Tank 101
3. PDM 63
4. PDM KŞ 1
5. BRDM-2 8
6. Top və haubitsalar 169
7. Minaatan 64
8. TƏİRK 97
9. Tank əleyhinə idarəolunan raketlər 358
10. Qumbaraatan 635
11. Atıcı silahlar 3615
12. Şilka ZQ-23-4 11
13. KUB-2K12 (ZRK-nın 1RL-93 raket tuşlama stansiyası) 1
14. KUB-2K12 (ZRK-nın atıcı qurğusu) 1
15. 3M9M3 tipli məmulat İZR-i (raket) 3
16. 9M331 TOR kompleksi (9M334 tipli tara) 6
17. 9M331 TOR kompleksi İZR-i (raketi) 21
18. 9M33M2, 9M33M3 tipli məmulat İZR-i (raket) 31
19. OSA döyüş maşını 1
20. 9T217BM3 tipli nəqliyyat doldurucu maşın 2
21. “İqla-S”, “İqla”, “İqla-1” məmulatı 138
22. “Strela-2” məmulatı 6
23. “İqla-S”, “İqla”, “İqla-1”, “Strela-2” buraxıcı mexanizm 55
24. Minik avtomobili 120
25. Yük avtomobili 512
26. Xüsusi avtomobil 94
27. Qoşqu 47
28. BTS – 4 5
29. MTLB 48
30. BRM-1K 6
31. ÖAQ (2S1 Qvozdika) 12
32. Traktor 10

Bundan başqa, düşmənin 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdıldı.

Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində deyib: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.

Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə
xronologiyası:
TARİX RAYON YAŞAYIŞ MƏNTƏQƏSİ
1. 27.09.2020 Füzuli Qaraxanbəyli
2. 27.09.2020 Füzuli Qərvənd
3. 27.09.2020 Füzuli Horadiz kəndi
4. 27.09.2020 Cəbrayıl Böyük Mərcanlı
5. 27.09.2020 Cəbrayıl Nüzgar
6. 27.09.2020 Kəlbəcər Murovdağ zirvəsi
7. 03.10.2020 Cəbrayıl Mehdili
8. 03.10.2020 Cəbrayıl Çaxırlı
9. 03.10.2020 Cəbrayıl Aşağı Maralyan
10. 03.10.2020 Cəbrayıl Şəybəy
11. 03.10.2020 Cəbrayıl Quycaq
12. 03.10.2020 Füzuli Aşağı Əbdürrəhmanlı
13. 03.10.2020 Tərtər Suqovuşan
14. 03.10.2020 Tərtər Talış
15. 04.10.2020 Cəbrayıl Cəbrayıl ş.
16. 04.10.2020 Cəbrayıl Şükürbəyli
17. 04.10.2020 Cəbrayıl Çərəkən
18. 04.10.2020 Cəbrayıl Daşkəsən
19. 04.10.2020 Cəbrayıl Horovlu
20. 04.10.2020 Cəbrayıl Mahmudlu (kənd)
21. 04.10.2020 Cəbrayıl Cəfərabad
22. 04.10.2020 Cəbrayıl Yuxarı Maralyan
23. 04.10.2020 Cəbrayıl Dəjəl
24. 04.10.2020 Cəbrayıl Karxulu
25. 05.10.2020 Cəbrayıl Şıxalıağalı
26. 05.10.2020 Cəbrayıl Sarıcallı
27. 05.10.2020 Cəbrayıl Məzrə
28. 09.10.2020 Cəbrayıl Qışlaq
29. 09.10.2020 Tərtər Çaylı
30. 09.10.2020 Cəbrayıl Qaracallı
31. 09.10.2020 Cəbrayıl Əfəndilər
32. 09.10.2020 Cəbrayıl Süleymanlı
33. 09.10.2020 Füzuli Yuxarı Güzlək
34. 09.10.2020 Füzuli Gorazıllı
35. 09.10.2020 Xocavənd Hadrut q.
36. 09.10.2020 Xocavənd Sor
37. 14.10.2020 Füzuli Qaradağlı
38. 14.10.2020 Füzuli Xatınbulaq
39. 14.10.2020 Füzuli Qarakollu
40. 14.10.2020 Xocavənd Bulutan
41. 14.10.2020 Xocavənd Məlikcanlı
42. 14.10.2020 Xocavənd Qırmızıqaya
43. 14.10.2020 Xocavənd Dağdöşü
44. 14.10.2020 Xocavənd Tağaser
45. 15.10.2020 Füzuli Arış
46. 15.10.2020 Cəbrayıl Doşulu
47. 15.10.2020 Xocavənd Edişə
48. 15.10.2020 Xocavənd Düdükçü
49. 15.10.2020 Xocavənd Edilli
50. 15.10.2020 Xocavənd Çiraquz
51. 16.10.2020 Xocavənd Xırmancıq
52. 16.10.2020 Xocavənd Ağbulaq
53. 16.10.2020 Xocavənd Axullu
54. 17.10.2020 Füzuli Füzuli ş.
55. 17.10.2020 Füzuli Qoçəhmədli
56. 17.10.2020 Füzuli Cuvarlı
57. 17.10.2020 Füzuli Pirəhmədli
58. 17.10.2020 Füzuli Musabəyli
59. 17.10.2020 Füzuli Çimən
60. 17.10.2020 Füzuli İşıqlı
61. 17.10.2020 Füzuli Dədəli
62. 18.10.2020 Cəbrayıl Hacılı
63. 18.10.2020 Cəbrayıl Hacı İsaqlı
64. 18.10.2020 Cəbrayıl Xudafərin q.
65. 19.10.2020 Cəbrayıl Soltanlı
66. 19.10.2020 Cəbrayıl Əmirvarlı
67. 19.10.2020 Cəbrayıl Maşanlı
68. 19.10.2020 Cəbrayıl Hasanlı
69. 19.10.2020 Cəbrayıl Alıkeyxalı
70. 19.10.2020 Cəbrayıl Qumlaq
71. 19.10.2020 Cəbrayıl Göyərçin Veysəlli
72. 19.10.2020 Cəbrayıl Niyazqulular
73. 19.10.2020 Cəbrayıl Keçəl Məmmədli
74. 19.10.2020 Cəbrayıl Şahvəlli
75. 19.10.2020 Cəbrayıl İsaqlı
76. 20.10.2020 Füzuli Dördçinar
77. 20.10.2020 Füzuli Kürdlər
78. 20.10.2020 Füzuli Yuxarı Əbdurrəhmanlı
79. 20.10.2020 Füzuli Qarğabazar
80. 20.10.2020 Füzuli Aşağı Veysəlli
81. 20.10.2020 Füzuli Yuxarı Aybasanlı
82. 20.10.2020 Cəbrayıl Safarşa
83. 20.10.2020 Cəbrayıl Həsənqaydı
84. 20.10.2020 Cəbrayıl Fuğanlı
85. 20.10.2020 Cəbrayıl İmambağı
86. 20.10.2020 Cəbrayıl Daş Veysəlli
87. 20.10.2020 Cəbrayıl Ağtəpə
88. 20.10.2020 Cəbrayıl Yarəhmədli
89. 20.10.2020 Xocavənd Ağcakənd
90. 20.10.2020 Xocavənd Mülküdərə
91. 20.10.2020 Xocavənd Daşbaşı
92. 20.10.2020 Xocavənd Günəşli
93. 20.10.2020 Xocavənd Çinarlı
94. 20.10.2020 Zəngilan Zəngilan ş.
95. 20.10.2020 Zəngilan Havalı
96. 20.10.2020 Zəngilan Məmmədbəyli
97. 20.10.2020 Zəngilan Həkəri q.
98. 20.10.2020 Zəngilan Şərifan
99. 20.10.2020 Zəngilan Muğanlı
100. 21.10.2020 Füzuli Gecəgözlü
101. 21.10.2020 Füzuli Aşağı Seyidəhmədli
102. 21.10.2020 Füzuli Zərgər
103. 21.10.2020 Cəbrayıl Balyand
104. 21.10.2020 Cəbrayıl Papı
105. 21.10.2020 Cəbrayıl Tulus
106. 21.10.2020 Cəbrayıl Tinli
107. 21.10.2020 Zəngilan Mincivan q.
108. 21.10.2020 Zəngilan Babaylı
109. 21.10.2020 Zəngilan Üçüncü Ağalı
110. 21.10.2020 Zəngilan Sarıl
111. 21.10.2020 Zəngilan Xumarlı
112. 21.10.2020 Zəngilan Hacallı
113. 21.10.2020 Zəngilan Xurama
114. 21.10.2020 Zəngilan Cahangirbəyli
115. 21.10.2020 Zəngilan Turabad
116. 21.10.2020 Zəngilan İçəri Müşlan
117. 21.10.2020 Zəngilan Qıraq Müşlan
118. 21.10.2020 Zəngilan Məlikli
119. 21.10.2020 Zəngilan Üdgün
120. 21.10.2020 Zəngilan Baharlı
121. 22.10.2020 Füzuli Mollavəli
122. 22.10.2020 Füzuli Yuxarı Rəfədinli
123. 22.10.2020 Füzuli Aşağı Rəfədinli
124. 22.10.2020 Cəbrayıl Sirik
125. 22.10.2020 Cəbrayıl Şıxlar
126. 22.10.2020 Cəbrayıl Məstalıbəyli
127. 22.10.2020 Cəbrayıl Dərzili
128. 22.10.2020 Zəngilan Kolluqışlaq
129. 22.10.2020 Zəngilan Malatkeşin
130. 22.10.2020 Zəngilan Zəngilan (kənd)
131. 22.10.2020 Zəngilan Genlik
132. 22.10.2020 Zəngilan Vəliqulubəyli
133. 22.10.2020 Zəngilan Qaradərə
134. 22.10.2020 Zəngilan Çöpədərə
135. 22.10.2020 Zəngilan Tatar
136. 22.10.2020 Zəngilan Tiri
137. 22.10.2020 Zəngilan Əmirxanlı
138. 22.10.2020 Zəngilan Qarqulu
139. 22.10.2020 Zəngilan Bartaz (kənd)
140. 22.10.2020 Zəngilan Dəlləkli
141. 22.10.2020 Zəngilan Ağbənd q.
142. 23.10.2020 Xocavənd Dolanlar
143. 23.10.2020 Xocavənd Bünyadlı
144. 23.10.2020 Cəbrayıl Dağ Tumas
145. 23.10.2020 Cəbrayıl Nüsüs
146. 23.10.2020 Cəbrayıl Xələfli q.
147. 23.10.2020 Cəbrayıl Minbaşılı
148. 23.10.2020 Zəngilan Vənədli
149. 23.10.2020 Zəngilan Mirzəhəsənli
150. 23.10.2020 Qubadlı Zilanlı
151. 23.10.2020 Qubadlı Kürd Mahruzlu
152. 23.10.2020 Qubadlı Muğanlı
153. 23.10.2020 Qubadlı Alaqurşaq
154. 25.10.2020 Zəngilan Birinci Alıbəyli
155. 25.10.2020 Zəngilan İkinci Alıbəyli
156. 25.10.2020 Zəngilan Rəbənd
157. 25.10.2020 Zəngilan Yenikənd
158. 25.10.2020 Cəbrayıl Qovşudlu
159. 25.10.2020 Cəbrayıl Sofulu
160. 25.10.2020 Cəbrayıl Dağ Maşanlı
161. 25.10.2020 Cəbrayıl Kürdlər
162. 25.10.2020 Cəbrayıl Hovuslu
163. 25.10.2020 Qubadlı Padar
164. 25.10.2020 Qubadlı Əfəndilər
165. 25.10.2020 Qubadlı Yusifbəyli
166. 25.10.2020 Qubadlı Çaytumas
167. 25.10.2020 Qubadlı Xanlıq
168. 25.10.2020 Qubadlı Sarıyataq
169. 25.10.2020 Qubadlı Mollabürhan
170. 25.10.2020 Qubadlı Qubadlı ş.
171. 26.10.2020 Cəbrayıl Çələbilər
172. 28.10.2020 Zəngilan Birinci Ağalı
173. 28.10.2020 Zəngilan İkinci Ağalı
174. 28.10.2020 Zəngilan Zərnəli
175. 28.10.2020 Füzuli Mandılı
176. 28.10.2020 Cəbrayıl Qazanzəmi
177. 28.10.2020 Cəbrayıl Xanağabulaq
178. 28.10.2020 Cəbrayıl Çullu
179. 28.10.2020 Cəbrayıl Quşçular
180. 28.10.2020 Cəbrayıl Qaraağac
181. 28.10.2020 Qubadlı Qiyaslı
182. 28.10.2020 Qubadlı Əbilcə
183. 28.10.2020 Qubadlı Qilican
184. 30.10.2020 Cəbrayıl Xudaverdili
185. 30.10.2020 Cəbrayıl Qurbantəpə
186. 30.10.2020 Cəbrayıl Şahvələdli
187. 30.10.2020 Cəbrayıl Xubyarlı
188. 30.10.2020 Zəngilan Aladin
189. 30.10.2020 Zəngilan Vejnəli
190. 30.10.2020 Qubadlı Kavdadıq
191. 30.10.2020 Qubadlı Məmər
192. 30.10.2020 Qubadlı Mollalı
193. 02.11.2020 Cəbrayıl Çapand
194. 02.11.2020 Cəbrayıl Qoşabulaq
195. 02.11.2020 Zəngilan Dərə Gilətağ
196. 02.11.2020 Zəngilan Böyük Gilətağ
197. 02.11.2020 Qubadlı İşıqlı
198. 02.11.2020 Qubadlı Muradxanlı
199. 02.11.2020 Qubadlı Milanlı
200. 04.11.2020 Cəbrayıl Mirək
201. 04.11.2020 Cəbrayıl Kavdar
202. 04.11.2020 Zəngilan Məşədiismayıllı
203. 04.11.2020 Zəngilan Şəfibəyli
204. 04.11.2020 Qubadlı Başarat
205. 04.11.2020 Qubadlı Qarakişilər
206. 04.11.2020 Qubadlı Qaracallı
207. 07.11.2020 Füzuli Yuxarı Veysəlli
208. 07.11.2020 Füzuli Yuxarı Seyidəhmədli
209. 07.11.2020 Füzuli Qorqan
210. 07.11.2020 Füzuli Üçüncü Mahmudlu
211. 07.11.2020 Füzuli Qacar
212. 07.11.2020 Füzuli Divanalılar
213. 07.11.2020 Cəbrayıl Yuxarı Məzrə
214. 07.11.2020 Cəbrayıl Yanarxac
215. 07.11.2020 Qubadlı Qəzyan
216. 07.11.2020 Qubadlı Balasoltanlı
217. 07.11.2020 Qubadlı Mərdanlı
218. 07.11.2020 Zəngilan Beşdəli
219. 07.11.2020 Xocalı Qarabulaq
220. 07.11.2020 Xocalı Baharlı
221. 07.11.2020 Xocavənd Ataqut
222. 07.11.2020 Xocavənd Hünərli
223. 08.11.2020 Şuşa Şuşa ş.
224. 09.11.2020 Füzuli Qobu Dilağarda
225. 09.11.2020 Füzuli Yal Pirəhmədli
226. 09.11.2020 Füzuli Yuxarı Yağlıvənd
227. 09.11.2020 Füzuli Dilağarda
228. 09.11.2020 Füzuli Seyidmahmudlu
229. 09.11.2020 Füzuli Ələsgərli
230. 09.11.2020 Füzuli Aşağı Güzlək
231. 09.11.2020 Füzuli Govşatlı
232. 09.11.2020 Füzuli Mirzəcamallı
233. 09.11.2020 Füzuli Şəkərcik
234. 09.11.2020 Füzuli Merdinli
235. 09.11.2020 Füzuli Şıxlı
236. 09.11.2020 Füzuli Qaraməmmədli
237. 09.11.2020 Füzuli Dövlətyarlı
238. 09.11.2020 Füzuli Hüseynbəyli
239. 09.11.2020 Füzuli Saracıq
240. 09.11.2020 Xocalı Dəmirçilər
241. 09.11.2020 Xocalı Çanaqçı
242. 09.11.2020 Xocalı Mədətkənd
243. 09.11.2020 Xocalı Sığnaq
244. 09.11.2020 Şuşa Daşaltı
245. 09.11.2020 Xocavənd Susanlıq
246. 09.11.2020 Xocavənd Binə
247. 09.11.2020 Xocavənd Tuğ
248. 09.11.2020 Xocavənd Ağdam
249. 09.11.2020 Xocavənd Azıx
250. 09.11.2020 Xocavənd Böyük Tağlar
251. 09.11.2020 Xocavənd Salakətin
252. 09.11.2020 Xocavənd Zoğalbulaq
253. 09.11.2020 Xocavənd Arakül
254. 09.11.2020 Xocavənd Tağaverd
255. 09.11.2020 Xocavənd Zərdanaşen
256. 09.11.2020 Xocavənd Şexer
257. 09.11.2020 Cəbrayıl Hüseynalılar
258. 09.11.2020 Cəbrayıl Söyüdlü
259. 09.11.2020 Cəbrayıl Aşağı Sirik
260. 09.11.2020 Cəbrayıl Qalacıq
261. 09.11.2020 Cəbrayıl Molla Həsənli
262. 09.11.2020 Cəbrayıl Əsgərxanlı
263. 09.11.2020 Cəbrayıl Yuxarı Nüsüs
264. 09.11.2020 Cəbrayıl Aşıq Məlikli
265. 09.11.2020 Cəbrayıl Niftalılar
266. 09.11.2020 Cəbrayıl Qərər
267. 09.11.2020 Qubadlı Yuxarı Mollu
268. 09.11.2020 Qubadlı Aşağı Mollu
269. 09.11.2020 Qubadlı Xocik
270. 09.11.2020 Qubadlı Qaraimanlı
271. 09.11.2020 Qubadlı Xəndək
272. 09.11.2020 Qubadlı Həmzəli
273. 09.11.2020 Qubadlı Mahruzlu
274. 09.11.2020 Qubadlı Hal
275. 09.11.2020 Qubadlı Ballıqaya
276. 09.11.2020 Qubadlı Ulaşlı
277. 09.11.2020 Qubadlı Tinli
278. 09.11.2020 Qubadlı Xocahan
279. 09.11.2020 Qubadlı Boyunəkər
280. 09.11.2020 Qubadlı Qaraqoyunlu
281. 09.11.2020 Qubadlı Çərəli
282. 09.11.2020 Zəngilan Keçikli
283. 09.11.2020 Zəngilan Ördəkli
284. 09.11.2020 Zəngilan Sobu
285. 09.11.2020 Zəngilan Qaragöz
286. 09.11.2020 Zəngilan İsgəndərbəyli
287. 09.11.2020 Zəngilan Bartaz q.
288. 09.11.2020 Zəngilan Bartaz (2300 m)
289. 09.11.2020 Zəngilan Sığırt (1370 m)
290. 09.11.2020 Zəngilan Şükürataz (2000 m)
291. 09.11.2020 Laçın Güləbird
292. 09.11.2020 Laçın Səfiyan
293. 09.11.2020 Laçın Türklər
294. 20.11.2020 Ağdam Ağdam
295. 25.11.2020 Kəlbəcər Kəlbəcər
296. 01.12.2020 Laçın Laçın

Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.

Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.

Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat edib.

Böyük Qayıdış

Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanılıb, Qarabağa həyat qayıdıb. Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi yaxın müddətdə tarixi reallığa çevriləcək.

2021-ci il iyunun 15-də Şuşada imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapıb.

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini Prezident İlham Əliyev dəqiq ifadə edib: “Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

2021-ci il iyulun 7-də imzalanmış daha bir tarixi sənəd - “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Vətən müharibəsinin əsas nəticələrindən birinə çevrildi. Bu Fərmanla Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuş və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara malik Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda – Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsi Qarabağ iqtisadi rayonuna çevrildi. Beləliklə, SSRİ dövründə Azərbaycan xalqının üzləşdiyi daha bir tarixi ədalətsizliyi Prezident İlham Əliyev aradan qaldırdı: “…1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi… Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi”.

Tezlikdə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Hazırda işğaldan azad edilmiş bütün ərazilər böyük quruculuq və bərpa dövrünü yaşayır, böyük qayıdışa hazırlaşır.

https://president.az/az/pages/view/azerbaijan/karabakh2

Keçidlər