Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2025-ci ildə rayon iqtisadiyyatının əsas sahələrində  174 milyon 803 min  400 manatlıq məhsul istehsal edilmişdir.

 İstehsal olunmuş məhsul və xidmətlərin 112 milyon 917 min  500 manatı ( 64,6 faiz) kənd təsərrüfatının, 34 milyon 624 min  200 manatı ( 19,8  faiz) ticarətin, 18 milyon 581 min 800 manatı (10,6 faiz) sənayenin, 4 milyon 129 min  200 manatı (2,4 faiz) tikinti, 2 milyon 512 min  900 manatı (1,4 faiz) nəqliyyatın, 2 milyon 37 min 800 manatı (1,2 faiz) informasiya və rabitə xidmətlərinin payına düşmüşdür.

Hesabat dövründə rayonda  fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 108 milyon 200 min 600 manatlıq  istehlak malları satılmışdır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 216 min manat çoxdur.

 Əhaliyə göstərilən  ödənişli xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq  21 milyon 624 min manat olmuşdur.

Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində xeyli iş  görülmüşdür.

2025-ci  ilin məhsulu üçün rayon ərazisində  10228  hektar buğda və 3845  hektar arpa olmaqla ümumilikdə 14073 ha sahədə taxıl əkini aparılmışdır. Rayon üzrə 14073 hektar taxıl sahələri biçilərək həmin sahələrdən 44 min 461,3 ton məhsul tədarük edilmişdir.  Hər hektardan məhsuldarlıq 31,6  sentner olmuşdur.

Rayonda fəaliyyət göstərən taxılçılıq üzrə 1 toxumçuluq təsərrüfatında 28,0 hektar buğda, 10,0 hektar arpa olmaqla, cəmi 38,0 hektar sahədə  toxumluq taxıl əkilmişdir.  28 hektar buğda sahəsindən 104 ton, 10 hektar arpa sahəsindən 30 ton toxumluq məhsul əldə edilmişdir (məhsuldarlıq buğda 37,1, arpa 30 sentner). 2026-cı ilin məhsulu üçün 27 hektar sahəyə toxumluq buğda, 13,7 hektar sahəyə toxumluq arpa əkilmişdir.

Hesabat  dövründə rayon ərazisində  204,2 hektar sahədə kartof, 210,2 hektar sahədə tərəvəz, 290,1 hektar sahədə bostan, 505,2 hektar sahədə qarğıdalı, 380,2 hektar sahədə çəltik, 12 hektar sahədə darı, 1,2 hektar sahədə zəfəran, 2,2 ha sahədə sorqo  əkini aparılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 hektar kartof, 0,2 hektar tərəvəz çox əkilmişdir.

Sahələrdən 3971,6 ton kartof, 3621,9 ton tərəvəz, 7458,8  ton bostan,  1654 ton çəltik, 1533 ton qarğıdalı, 14,4 kq zəfəran, 25 ton darı məhsulu götürülmüşdür. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə qarğıdalı istehsalı 11,5, tərəvəz istehsalı 3,7,  kartof istehsalı 0,2 sentner artmışdır.

01 oktyabr 2025-ci il tarixə 495,7 hektar meyvə və giləmeyvə bağlarından 3171,1 ton meyvə toplanmışdır.

Rayonda cari ildə 3099,8 hektar sahədə çiyid səpini aparılmış, bütün sahələrdə ötən illərlə müqayisədə normal çıxış alınmışdır. Vaxtında həyata keçirilmiş aqrotexniki tədbirlər nəticəsində sahələrdə bol pambıq yetişdirilmişdir. Sahələrdən 10078,92 ton xam pambıq tədarük olunmuşdur. Hər hektardan məhsuldarlıq keçən illə müqayisədə 6,8 sentner artaraq 32,5  sentner olmuşdur.

2025-ci ildə rayonda fəaliyyət göstərən Yaş Baramanın qəbulu məntəqəsində inkubasiya edilmiş 650 qutu barama qurdu kümçülərə paylanılaraq normal bəsləmə aparılmış, 32 ton 282 kq  (hər qrama 2,5 kq) barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunmuşdur. 3 min nəfərə yaxın rayon sakini bu sahədə mövsümi işlə təmin olunmuş, sakinlərin ailə büdcəsinə 35,5 min manat vəsait daxil olmuşdur.

Rayonda 01 yanvar 2026-cı il tarixə iribuynuzlu mal-qaranın sayı 51 min 524 baş, qoyun-keçilərin  sayı 102 min 4 baş olmuşdur

Hesabat dövründə 43805 sentner ət, 319739 sentner süd, 2102 sentner yun, 8 milyon 172 min ədəd yumurta istehsal edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yun istehsalı 0,1 sentner artmışdır.

Hеsabat dövründəə rayоn üzrə 14613,5 hektar yonca və əlavə olaraq təkrar əkin sahələrindən cəmi 103100 tоn  yem  tоplanmışdır ki, bu da kеçən ilin müvafiq dövrü ilə müqayisədə  hər hektardan məhsuldarlığın 0,2 sentner çox olması deməkdir.

Hesabt dövründə mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə 4863 baş inək və düyələrdə süni mayalanma aparılmış və 3842 baş sağlam bala alınmışdır.

2026-cı ilin məhsulu üçün ümumilikdə 9319 hektar sahəyə buğda,  4126 hektar sahəyə arpa, 380 hektar sahəyə isə xəsil əkilmişdir.

Rayon ərazisində mövcud  mal qara və quşları yoluxucu xəstəliklərdən qorumaq məqsədilə Zərdab rayon Heyvan Sağlamlığı və Baytar Xidmətləri idarəsi tərəfindən profilaktik tədbirlər davam etdirilmişdir. Xüsusi təhlükəli xəstəliklərdən mal-qaranın qorunması məqsədilə “Qara yara”, “Quduzluq”, “Nodulyar dermatit”, “Çiçək”, “Bruselyoz”, və “Dabaq” xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə aparılmışdır. Hesabat dövründə idarə tərəfindən rayonda fəaliyyət göstərən ət və ət məhsullarının satışı ilə məşğul olan ticarət obyektlərində dezinfeksiya işləri aparılmışdır.

2025-ci il ərzində rayonda əkin sahələrinin suvarılmasını  yaxşılaşdırmaq və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 30 ədəd hidrotexniki qurğu, 9 elektrik mühərriki, 15 mülkü istehsalat binası, 50 km beton kanal, 10 km istismar yolu, 6 km latok–kanal, 5 nasos stansiya, 3 km boru kəməri, 60 ədəd mexaniki və elektrik avadanlıqları cari təmir olunmuşdur. Dəli Quşçu, Yuxarı Seyidlər, Lələağacı, Sarıqaya, Qoşaoba, Alıcanlı, Məlikumudlu, Siləyli, Dəkkəoba, İsaqbağı, Böyük Dəkkə, Kəndəbil, Gödəkqobu, Bıçaqçı, Körpükənd kəndlərində və Bəyimli qəsəbəsində ümumilikdə 41 ədəd hidrotexniki qurğular, müxtəlif ölçülü su buraxıcı qapılar boru keçidi ilə birlikdə yenisi ilə əvəz edilmişdir.

2025-ci il ərzində Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən maşın mexanizmlərin gücündən istifadə edilməklə torpaq məcralı kanallar 365.7 km uzunluğunda lildən təmizlənməklə 544.26 min kub torpaq və yayma işləri görülmüşdür.

Kəndəbil nasos stansiyasında nasosun sovurma və təzyiq boruları, Ağabağı, Böyük Dəkkə, Siləyli-2 nasos stansiyalarında daha məhsuldar yeni nasos və giriş-çıxış boruları ilə birlikdə yenidən qurulmuşdur.

Rayonun Sarıqaya, Xanməmmədli, Gödəkqobu, Ağabağı və Qoruqbağı  kəndlərinin hər birində bir ədəd akveduk dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

Məlikli kəndində yerləşən asma dəmir-beton nov kanalının 700 m hissəsi üzərindəki hidrotexniki qurğularla birlikdə yenidən qurulmuşdur. Burunlu-1,2 elektrik iş rejimli nasos stansiyanın yenidən qurulması işləri davam etdirilir.

Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə şəhərin 25 və 27-ci məhəllələrində, kommunal binalarda, Qumlu yaşayış massivində, Azərbaycan, S.Abdullayev, B.İsmayılov, V.Rəhimov, C.Cabbarlı küçələrində, Təzəkənd və Gəlmə kəndlərində su xətlərində cari təmir işləri aparılmışdır. Rayonun müxtəlif inzibati ərazi dairələrində kənd sakinlərinə xidmət edən 13 qurğu və 22 modul tipli su  bulaqlarında cari təmir işləri aparılmışdır. 9 abonentə su xətti çəkilmişdir.

Əhali sektorunda istehlak olunmuş suyun dəyəri 103 faiz ödənilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 21.07.2020-ci il tarixli, 2178 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq rayonun Yuxarı Seyidlər və Gödəkqobu kəndləri ərazisindəki pay torpaqlarının suvarma suyu ilə təminatına xidmət edən  ÇTZ beton kanalının tikintisi və Şahhüseynli  kəndinin  834  hektar əkin sahəsinin  su  təminatının  yaxşıllaşdırılması layihəsinin icrası başa çatmaq üzrədir. Hər iki layihənin yaxın müddətdə istismara verilməsi gözlənilir.

Zərdab rayonunun Təzəkənd, Qoşaoba, Dəli Quşçu, Dəkkəoba kəndlərinin və Bəyimli qəsəbəsinin (ümumilikdə 2640 hektar pay, bələdiyyə və həyətyanı torpaq sahələri) əkin sahələrinin suvarılmasını təmin edən 8,5 kilometr uzunluqda  Məlikumudlu kanalının təmirinə dövlət vəsaiti hesabına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təmir istismar tədbirlər planına uyğun olaraq 2021-ci ildən başlanılmış və əvvəlki hesabat dövrlərində 1950 metr hissəsi, üzərindəki hidrotexniki qurğularla birlikdə mərhələli şəkildə əsaslı təmir olunaraq istismara verilmişdir. 2025-ci ildə kanalın növbəti 1,0 km hissəsinin təmir edilmişdir.

Rayon ərazisində Bələdiyyələrin vəsaiti hesabına 210 km təsərrüfatdaxili, 62  km  şirə kanalı lildən təmizlənmişdir.

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən rayonun Körpükənd, Lələağacı, Təzəkənd, Əlvənd kəndləri ərazisində və Göyçay, Türyançay çaylarının sağ sahilində  maşın və mexanizmlərin köməyi ilə 4,34 km məsafədə 225,9 min kub metr həcmində qayakəsmə və 13,4 km məsafədə 150 min kub metr həcmində bəndlərin təmiri, 3,6 km məsafədə 201,0 min kub metr həcmində məcratəmizləmə işləri,  Bıçaqçı kəndi ərazisində 5,35 ha sahədə bəndin yamacının kol-kosdan təmizlənməsi işləri, Sarıqaya və Siləyli kəndləri ərazisində 22,0 ha sahədə bəndin yamacının kol-kosdan təmizlənməsi işləri görülmüşdür. Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının istismarı idarəsi tərəfindən rayon ərazisində 85,9 km uzunluğunda 188,3 min kub metr kollektor-dren şəbəkəsi lildən təmizlənmişdir.

“Aqroservis” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin Zərdab Rayon bölməsi tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 105,2 ton Ammonium-nitrat, 140,0 ton Karbamit mineral  gübrəsi, 14,5 ton ammafos, 7,8 ton nitroammafos gübrəsi satılmışdır.

Örüş sahələrindən düzgün istifadənin təmin edilməsi məqsədi ilə hesabat  dövründə aidiyyəti qurumların iştirakı ilə Dövlət torpaq fondunun rayonun inzibati ərazisinə daxil olan hissələrində vaxtaşırı olaraq monitorinqlər təşkil olunmuşdur. Hesabat dövründə Rayon İcra Hakimiyyəti tərəfindən torpaqdan istifadə qaydalarını pozmuş 10 nəfərə rayonun inzibati ərazisinə daxil olan qış otlaq fonduna aid örüş sahəsinin boşaldılması ilə əlaqədar xəbərdarlıq məktubları göndərilmiş, 5 nəfər barəsində Rayon Polis Şöbəsinə, 2 nəfər barəsində Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. 

Rayonda fəaliyyət göstərən bələdiyyələr tərəfindən 2025-ci il ərzində zəbt olunmuş və ya icarə müddəti bitmiş  ümumilikdə 338  hektar torpaq sahəsi bələdiyyə fonduna geri qaytarılmış, torpaq sahəsindən qanunsuz istifadə edən 188 nəfərə torpaq sahəsinin boşaldılması məqsədilə xəbərdarlıq məktubu göndərilmiş, 10 nəfər barəsində Rayon Polis şöbəsinə məktubla müraciət olunmuş, 2 nəfər barəsində məhkəmədə iddia qaldırılmışdır.

İqtisadiyyatın inkişaf etdirilməsində və istehsalın stimullaşdırılmasında dövlət büdcəsinin  xüsusi rolu vardır. 2025-ci ildə rayon büdcəsinin mədaxil hissəsi 6 milyon 571 min  manata qarşı 7 milyon 732 min 56 manat və ya 117,7 faiz icra olunmuşdur.

Rayon büdcəsinin məxaric hissəsi 5 milyon 605 min  manata qarşı 4 milyon 913 min  298 manat və ya 87,7 faiz icra olunmuşdur.

Xidmət sahələrinin,  o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.

 Hesabat dövründə  35/10 kV-luq Seyidlər və Əlvənd yarımstansiyalarda 35/10 kV-luq 4,0 mVA transformatorlar və yarımstansiya avadanlıqları cari təmir olunmuşdur. 35/10 kV-luq Əlvənd yarımstansıyasını qidlandıran 35 kv-luq Zərdab-Əlvənd hava xəttində başa verə biləcək qəzalar zamanı istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə 35-kv-luq Kür-Nasos hava xəttindən qoşulmaqla 16 km uzunluğunda elektrik xətti çəkilərək istifadəyə verilmişdir. 35/10 kV-luq Seyidlər yarımstansiyasında hazırda təmir işləri aparılır. 

İl ərzində 35/10 kv-luq Məlikli, Seyidlər, Zərdab yarımstansiyalarından çıxan hava xətləri və 10 kV-luq “sovxoz” hava xətlərinin ümumilikdə 1,55 km-lik hissəsi təmir edilmiş və 9 ədəd metal boru dayaq quraşdırılaraq, hava xəttinin qabariti normal vəziyyətə gətirilmişdir.

35 kV-luq Zərdab-Əlvənd hava xəttinin 2 dayaq arası 0,15 km-lik hissəsində ağaclar budanmış, 9 ədəd metal boru dayaq basdırılaraq hava xəttinin qabariti normal hala gətirilmişdir. 35 kV-luq Ucar-Seyidlər hava xəttində istismar müddətini başa vurmuş 10 ədəd dayaq metal boru dayaqla əvəz edilmişdir.

  Suvarma mövsümü ilə əlaqədar nasoslara xidmət edən Yarməmmədbağı, Məmmədqasımlı, Əlvənd, Dəkkəoba kəndlərində zədələnmiş transformatorlar, eyni zamanda rayonun Otmanoba kəndində əhaliyə xidmət edən  transformator yenisi ilə əvəz edilmişdir.  Bundan əlavə Birinci Alıcanlı, Əlvənd, Siləyli kəndlərində yeni güc mərkəzləri yaradılmışdır. 35/10 kV-luq Seyidlər yarımstansiyasından çıxan, uzun müddət istismarda olan bir dövrəli 10 kV-luq “Bıçaqçı-Naos” hava xətti 2 dövrəli olmaqla yenidən qurulmuşdur.

 Qoşaoba, Dəkkəoba kəndlərinin ərazisində ümumilikdə 0,082 km yeni özüdaşıyıcı  izolyasiyalı xətt tikilərək istismara verilmişdir.

Rayonun  Gödəkqobu kəndində 10 və 0,4 kV-luq mövcud şəbəkənin yenidən qurulması ilə əlaqədar 640 ədəd metal dayaq əkilmiş, 8,9 km yeni özüdaşıyıcı  izolyasiyalı xətt çəkilmiş və hazırda işlər davam etdirilir. Azərışıq ASC-nin sifarişi əsasında podratçı şirkət tərəfindən rayonun Pərvanlı kəndi ərazisində 10, 0,4 kV-luq mövcud şəbəkə yenidən qurulmuş, 7 ədəd müxtəlif güclü müasir tipli transformator məntəqəsi quraşdırılmış, işlərin yaxın vaxtlarda başa çatması gözlənilir.

2025-ci il ərzində 41 ədəd elektrik sayğacı quraşdırılmış, 87 ədəd sayğac və 381 ədəd sayğac qutusu yenilənmiş, əhali  tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyəri  100,6  faiz ödənilmişdir.  

Əhaliyə verilən təbii qazın dayanaqlığını təmin etmək məqsədilə şəhərin Şəhriyar, Y.Məmmədəliyev, M.Rəsulzadə, C.Cabbarlı, Sabir, Zərdabi küçələrində, kommunal binalarda,15-ci məhəllədə və Şəftəhal, Dəkkəoba, Qoruqbağı, Yuxarı Seyidlər, Pərvanlı, Böyük Dəkkə kəndlərində qaz xətlərində cari təmir işləri aparılmış, 41 ədəd yeni qaz sayğacı quraşdırılmış, 1346 ədəd sayğac yenisi ilə əvəz edilmişdir. Hesabat dövründə 13 ədəd yeni siyirtmə quraşdırılmışdır.

Hesabat dövründə 5 nəfər müharibə iştirakçısına məxsus fərdi yaşayış evləri qazlaşdırılmış və qaz xəttinin yeri dəyişdirilmişdir.

Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyəri  94 faiz ödənilmişdir.

Hesabat dövründə “39  saylı Yol İstismarı” MMC  tərəfindən  orta və cari təmir, yolların saxlanılması istiqamətində 2277,0 min manatlıq iş görülmüşdür.

Bələdiyyələrin daxili imkanları hesabına rayonun kəndlərinin ərazisində 60 km məsafədə kəndarası yollar qreyderlənmş, yollara 2100 ton çınqıl döşənmişdir.

Hesabat dövründə rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür.

 Telekommunikasiya Qovşağı  üzrə  göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 100 faiz əməl edilmişdir.

2025-ci ildə 359 abonentə yeni internet xətti çəkilərək vətəndaşların istifadəsinə verilmişdir.

Sürətli internet xidmətindən  istifadə vəziyyətini yaxşılaşdırmaq istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mərkəzi Elektron Avtomat Telefon Stansiyasında avadanlıqların montaj tutumu 28644-ə, internet xidməti abonentlərinin sayı 9121 nəfərə çatdırılmışdır.  

Müasir tələblərə cavab verən GPON texnologiyası vasitəsilə rabitə xidmətlərinin təmin edilməsi üçün rayonun Birinci Alıcanlı, İkinci Alıcanlı, Cilovxanlı Lələağacı, Yarməmmədbağı, Qoruqbağı, Məlikli, Əlibəyli, Allahqulubağı, İsaqbağı, Qaravəlli, Pərvanlı, Sarıqaya Məmmədqəsamlı, Gödəkqobu, Çallı, Bıçaqçı, Yuxarı Seyidlər, Körpükənd, Salahlı, Xanməmmədli, Hüseynxanlı, Şahhüseynli, Böyük Dəkkə  kəndlərində və Bəyimli qəsəbəsində tikinti işləri və  mənzillərə internet xətlərinin çəkilişi işləri yekunlaşmışdır. Rayon ərazisində GPON texnologiyası vasitəsilə rabitə xidmətlərinin təmin edilməsi işləri tam yekunlaşmışdır.

Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhərin təmizliyinə diqqət artırılmış, əhali ilə bağlanmış müqaviləyə uyğun olaraq məişət tullantılarının kənarlaşdırılması qrafik üzrə təmin edilmişdir.

Mənzil İstismar Sahəsi tərəfindən kommunal ərazilərdə məişət tullantılarının və çirkab suyunun daşınmasına diqqət artırılmışdır. 2025-ci il ərzində Azərbaycan küçəsində, H.Əliyev prospektində, 21 saylı qəsəbədə yerləşən bəzi kommunal  binaların dam örtüyündə cari təmir işləri aparılmış, giriş qapıları dəyişdirilmiş və rənglənmişdir. Zərdab-Mollakənd avtomobil yolu istiqamətində yeni tullantı quyusu tikilmişdir. H.Əliyev prospektində yerləşən 4 saylı binanın 2 ədəd mərkəzi çirkab quyusu əsaslı təmir olunmuşdur. Azərbaycan küçəsində yerləşən kommunal binalara xidmət edən kanalizasiya qurğularında cari təmir işləri aparılmışdır.

Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsi tərəfindən 2025-ci ildə  şəhər ərazisində parklara, küçə və meydançalara 1800 ədəd müxtəlif növ ağac, 3810 ədəd mövsümü bəzək gülləri, 590 kv. metr qazon əkilmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı hissəsinin həyat şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı hissəsinin həyat şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.

2025-ci il ərzində 17 müharibə əlillinin və 12 müharibə veteranının ailə vəziyyəti nəzərə alınaraq Rayon İcra Hakimiyyəti tərəfindən 16700 manat məbləğində maddi köməklik göstərilmiş və əlamətdar günlərdə ərzaq sovqatı verilmişdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Birinici Qarabağ müharibəsi zamanı 118, Vətən Müharibəsi zamanı 8, 12-14 sentyabr 2022-ci il tarixdə düşmən təxribatının qarşısını alarkən 1, 13 sentyabr 2023-cü il tarixdə xidmətdə olduğu zaman çətin relyef şəraitində döyüş texnikasının aşması nəticəsində 1 nəfər şəhid olmuşdur. Şəhid ailələri daim Rayon İcra Hakimiyyəti başçısının diqqqət mərkəzində saxlanılmışdır. İl ərzində 20 şəhid ailəsinə ümumlikdə 22900 manat, 17 müharibə əlilinə və 12 müharibə veteranına 16700 manat məbləğində maddi köməklik göstərilmiş

Aztəminatlı və sosial qayğıya ehtiyacı olan 93 ailəyə 27500 manat, valideyn himayəsindən məhrum olmuş uşaqların himayədə olduğu 13 ailəyə 3900 manat maddi yardım verilmişdir.

2025-ci ilin may ayında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Yuxarı Seyidlər kənd sakini Abuzər Abbasovun nəşi öz doğma kəndinə gətirilərək dəfn edilmiş və dəfnin təşkili üçün ailəyə Rayon İcra Hakimiyyəti tərəfindən 1000 manat maddi yardım ayrılmışdır.

2025-ci il ərzində şəhid, Qarabağ əlilləri və aztəminatlı ailələrə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən maddi yardım və tikinti materialları şəklində ümumilikdə 78620 manat məbləğdə köməklik göstərilmişdir.

2025-ci il ərzində adlarının əbədləşdirilməsi məqsədilə Zərdab şəhəri ərazisində küçələrdən birinə şəhid Ağaqardaş Abbasovun, Gödəkqobu kəndində bir küçəyə şəhid Taleh Əliyevin, Kəndəbil kəndində bir küçəyə şəhid Fərid Rüstəmovun adı verilmişdir.

Hesabat dövründə sahibkarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 375 fiziki şəxs, 6 hüquqi şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir.

Dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə təyin edilmiş məsul şəxslər tərəfindən aşkar edilmiş qanunsuz tikinti aparılan 4 qeyri yaşayış obyekti barədə müvafiq tədbirlər görülməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verilmişdir. Müvafiq sənədlər olmadan inşası aparılan 21 fərdi yaşayış evinin sahiblərinə tövsiyə xarakterli xəbərdarlıq məktubu göndərilmiş və tikinti işləri sənədlər hazırlanana qədər dayandırılmışdır.

İl ərzində bir qeyri-yaşayış obyektinin tikintisinə, Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar 33 qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir.

Müvafiq qurumların rəyi alındıqdan sonra Rayon İH Başçısının  sərəncamı ilə Zərdab-Mollakənd yolu istiqamətində sahibkarlıq məqsədilə 3 nəfərə ümumilikdə 318,5 kv.metr torpaq sahəsi ayrılmışdır.

 Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq 20 nəfər vətəndaşın fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin hazırlanması həyata keçirilmiş və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilərək Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir.

Zərdab-Mollakənd yolu istiqamətində, rayonun giriş hissəsində hündürlüyü 6 metr, eni 6,8 metr, üzlük hissəsi yüksək keyfiyyətli aqlay daşı ilə üzlənmiş ad göstəricisi inşa edilmişdir. Həmin ərazi abadlaşdırılmış, yaşıllıq salınmışdır. Əlavə olaraq 200 kv.metr əraziyə asfalt örtüyü döşənmiş və su xətti çəkilmişdir.

Zərdab şəhəri Azərbaycan küçəsi istiqamətində yerləşən 10-cu məhəllədə 4 ədəd (8,9,13,14-cü binalar) 2 mərtəbəli, 16 mənzilli yaşayış binası əhatəsində yerləşən, 1300 kv.metr ərazini əhatə edən abad məhəllə inşa edilmişdir. Ərazidə 1150 kv.metr sahəyə tamet tava, 330 metr beton bardyur düzülmüş, 2 ədəd söhbətgah quraşdırılmış, 1 ədəd dairəvi oturacaq inşa edilmişdir. Avtomobillərin dayanacağı üçün 300 kv.metr sahəyə asfalt örtüyü vurulmuşdur. 8 ədəd oturacaq və zibil qutusu yerləşdirilmişdir. 29.12.2025-ci il tarixdə məhəllənin açılışı olmuşdur.

Böyük Vətən Müharibəsi abidəsinin ətrafında təmir işləri aparılmış, Zərdabi, Ramiz Kərimov, Samir Abdullayev və 20 Yanvar küçələrində səkiləri yenidən qurulmuş, Nəsrəddin Tusi, Rəşid Behbudov, Süleyman Rüstəm, Şövkət Ələkbərova, Məmməd İsrəfilov, Müslüm .Maqomayev və İsmayıl Şıxlı küçələri işıqlandırılmışdır. Zərdabi, Aydın Cavadov, Mehdi Hüseyn, Anar Məmmədzadə, Şahlar Şükürov, Sabit Rəhman, Şəmsi Bədəlbəyli, Əhməd Cavad, Rafiq Cəfərov, Məhəmməd Zalov, Nazim Hikmət, Fikrət Əmirov küçələri asfaltlanmışdır.

2025-ci il ərzində müraciət edən vətəndaşların 1024 nəfəri rayonun idarə, müəssisə və təşkilatları tərəfindən MEİS-in “Əmək və Məşğulluq” altsistemində təqdim olunmuş boş (vakant) iş yerlərinə elektron göndəriş formalaşdırılaraq müvafiq işlə təmin olunmuşdur. İşlə təmin olunanlardan 776 nəfəri qadın olmuşdur. Zərdab rayonu üzrə 2025-ci il ərzində 23 nəfər işsiz şəxsə işsizliyə görə sığorta ödənişi təyin edilmişdir.

Rayonda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə rayona daimi gələnlərin sayı gedənlərin sayından 31 nəfər  çox olmuşdur (gələn 35, gedən 4 nəfər).

2025-ci il ərzində Zərdab rayonu üzrə 125 nəfər özünüməşğulluq proqramına  cəlb edilmişdir.

Keçidlər