Rayon haqqında
Təhsil
2024-2025-ci tədris ilində rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam, 10 ümumi orta, 5 ibtidai məktəb, həmçinin 2 məktəbdənkənar təhsil müəssisəsi, 19 körpələr evi-uşaq bağçası, 1 peşə liseyi fəaliyyət göstərmişdir.
Hazırda rayon üzrə 43 ümumtəhsil məktəbindən 29-da (67 faiz) təlim-tərbiyə prosesi yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərdə davam etdirilir.
Ümumtəhsil məktəbləri üzrə 6400 nəfər şagird, məktəbəhazırlıq qrupları üzrə isə 416 nəfər uşaq təhsilə cəlb olunmuşdur. Rayonun ümumtəhsil məktəblərində 930 nəfər pedaqoji işçi çalışır.
Dövlət İmtahan Mərkəzi tərəfindən martın 9-da şəhər 1 nömrəli məktəb-liseydə və şəhər 3 nömrəli tam orta məktəblərində keçirilmiş 11-ci siniflərin buraxılış imtahanlarında 420 nəfər şagirdin, aprelin 13-də isə şəhər 1 nömrəli məktəb-liseydə, şəhər 3 nömrəli və Qaravəlli kənd tam orta ümuməhsil məktəblərində keçirilmiş 9-cu siniflərin buraxılış imtahanlarında 694 nəfər şagirdin iştirakı təmin olunmuşdur. Ötən ilin məzunlarından 6 nəfəri ümumi orta təhsil səviyyəsi üzrə, 22 nəfəri isə tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülmüşdür.
Rayonun ümumtəhsil müəssisələrini bitirmiş 420 nəfər məzundan 165, əvvəlki illərin məzunları ilə birlikdə 173 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşlar. Qəbul imtahanlarının ümumi nəticələrinə görə 10 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən Heydər Əliyev Mərkəzində, Rayon Mərkəzi Kitabxanasında, Gənclər evi SXM-də, şəhər 1 saylı məktəb-liseydə, Məlikli, Əlvənd, Şahhüseynli, Qaravəlli, Gəlmə, Çallı, Dəkkəoba, Körpükənd, Bıçaqçı, Məlikumudlu, Alıcanlı, Dəli Quşçu, Pərvanlı, Şəftəhal kənd tam orta ümumtəhsil məktəblərində, şəhər “Cümə” məscidində ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliğ olunması, gənclərin sağlamlığının qorunması, məişət zorakılığı, erkən nikahların qarşısının alınması, narkomanlıq və dini radikalizmlə mübarizə və s. mövzularda maarifləndirici tədbirlər keçirilmişdir.
Fevral ayının 23-də Respublika fənn olimpiadalarının Ucar rayonunda keçirilmiş zona mərhələsində 101 nəfər şagird iştirak etmişdir. Şəhər 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ağayev Cavid Şahin oğlu fizika fənni üzrə final mərhələsinə vəsiqə qazanmış, iyun ayında keçirilən final mərhələsində isə gümüş medala layiq görülmüşdür.
Martın 2-də keçirilmiş Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon turunda yüksək nəticə göstərən 71 şagird sözügedən müsabiqələrin növbəti mərhələsinə vəsiqə qazanmışdır. Həmin şagirdlərdən şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi Hüseynli Məhəmməd Samir oğlu fizika, Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi Kərimli İnci Vasif qızı kimya fənni üzrə müsabiqənin bürünc medalına layiq görülmüşlər.
Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının 15 sentyabr 2025-ci il tarixdə açılış mərasimi keçirilmiş və istifadəyə verilmişdir. Məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə şəhər 3, 4 nömrəli, Şahhüseynli, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçalarında əsaslı və cari təmir işləri aparılmışdır. Ötən ilin sentyabr ayından Dəkkəoba kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlanılmışdır.
Hesabat dövründə rayonun Peşə liseyində müxtəlif ixtisaslar üzrə 473 nəfər tələbənin hazırlanması ilə 32 nəfər ali təhsilli mühəndis, 26 nəfər istehsalat təlim ustaları məşğul olmuşlar. Mart ayında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında 83 nəfər tələbənin iştirakı təmin olunmuşdur.






